Cursor startapı 2,3 milyard dollar investisiya cəlb edərək və startapın ümumi dəyərləndirməsini 29,3 milyard dollara çatdırıb. Bu, çox böyük artımdır, belə ki, hələ 2025-ci ilin yanvar ayında startap 2,5 milyard dollar, may ayında isə 9 milyard dollar dəyərində qiymətləndirilirdi. Yeni investisiya raunduna Coatue, Nvidia və Alphabet kimi şirkətlər qoşulub. Accel, Thrive, Andreessen Horowitz və DST Global kimi mövcud investorlar da yenidən investisiya ediblər.
Nvidia həm investor, həm də Cursorun korporativ müştərisidir. Hətta Nvidia rəhbəri Censen Huanq bu platformanı B2B bazarında ən sevdiyi AI xidməti adlandırıb. Google isə OpenAI və Anthropic ilə yanaşı, Cursor üçün modellər təqdim edən təchizatçılardan biridir. Startap əldə olunan vəsaiti araşdırmalara və oktyabr ayında təqdim etdikləri Composer adlı xüsusi agent proqramlaşdırma modelinin inkişafına yönəltməyi planlaşdırır.
Cursor 2022-ci ildə Massaçusets Texnologiya İnstitutunun tələbələri Maykl Truell, Sueyl Asif, Arvid Lunnemark və Aman Senger tərəfindən təsis edilib. 2025-ci ilin noyabr ayına olan məlumata görə, startapda 300-dən çox mühəndis, tədqiqatçı, dizayner və operator fəaliyyat göstərir.
