İtaliyada yerləşən proptech startapı Casavo-nun investisiya turunda 400 milyon avro yatırım əldə etdiyi bildirilir. 100 milyon avro investisiya Exor tərəfindən, 300 milyon avro isə Intesa Sanpaolo, Viola Credit və digər aparıcı korporativ kredit təşkilatları tərəfindən verilib.
Casavo-nun yeni investorlarına Neva SGR (Intesa Sanpaolo Group), Endeavour Catalyst, Hambro Perks, Fuse Venture Partners daxildir. Bildirilir ki, son investisiya turunda vençurun hazırkı investorları Greenoaks, Project A Ventures, 360 Capital, P101 SGR, Picus Capital və Bonsai Partners şirkətləri də iştirak edib.
2017-ci ildə Giorgio Tinacci tərəfindən Milanda qurulan Casavo əməliyyat prosesinin hər addımında mülkiyyət texnologiyasından istifadə etməklə Avropada evlərin satışı və alınması təcrübəsini yenidən dizayn edən rəqəmsal mənzil platforması kimi fəaliyyət göstərir. Casavo daşınmaz əmlakın qiymətləndirilməsi metodu və mexanizmi ilə birbaşa ev sahibinə təklif edir. Bütün bunlardan sonra isə uyğun alıcını tapır.
Hazırda 300 nəfərlik komanda ilə fəaliyyət göstərən Casavo 2020-ci ildə İspaniya və Portuqaliyada fəaliyyətə başlayıb. Platforma hazırda Milan, Roma, Turin, Florensiya, Boloniya, Madrid, Barselona və Lissabonda fəaliyyət göstərir.
Şirkətin yekun qiymətləndirməsi açıqlanmasa da, qeyd olunub ki, son investisiya mərhələsindən bəri startapın dəyəri iki dəfədən çox artıb.