Qlobal audit və konsaltinq şirkəti EY audit sahəsində böyük texnoloji dönüşə start verib. Şirkət çoxmilyardlıq investisiya çərçivəsində “agentic AI” alətlərini qlobal miqyasda EY Canvas platforması üzərindən tətbiq etməyə başlayıb.
Yeni sistem çoxagentli (multi-agent) arxitekturaya əsaslanır və Microsoft tərəfindən təqdim olunan Azure, Foundry və Fabric texnologiyaları ilə inteqrasiya olunub.
EY-nin açıqlamasına görə, Canvas platforması hər il 150-dən çox ölkədə 160 min audit layihəsi üzrə 1.4 trilyondan artıq mühasibat yazısını emal edir. Yeni AI alətləri 130 min audit mütəxəssisinin gündəlik iş proseslərini əhatə edərək auditin bütün mərhələlərində istifadə olunacaq.
Şirkət bildirib ki, tam funksional, uçdan-uca AI dəstəyi ilə audit sisteminin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Paralel olaraq, bu il audit və texnologiya riskləri üzrə çalışan əməkdaşların genişmiqyaslı təliminə də start veriləcək.
