"Gemini" süni intellekt çatbotu, ABŞ və Hindistandakı "App Store" mağazalarında ən çox yüklənən pulsuz proqramlar arasında zirvəyə qalxaraq əsas rəqibi olan "ChatGPT"-ni geridə buraxdı.
Hazırda "ChatGPT" ikinci yerdə qərarlaşıb. Digər məşhur süni intellekt tətbiqləri isə onlardan xeyli geridədir: "Perplexity" ABŞ-də 31-ci,"Grok" isə 76-cı yerdədir.
"The Economic Times" nəşri bu sürətli yüksəlişin səbəbini açıqlayır. Onların fikrincə, "Gemini"nin yüklənmə sayının artması insanların şəkillərini 3D fiqurlara çevirmə trendinin populyarlaşması ilə bağlıdır. Məsələn, istifadəçilər öz ev heyvanlarının, məsələn, çinçillələrinin şəklini "Gemini"yə yükləyərək onu qablaşdırma ilə birlikdə plastik fiqura çevirməyi xahiş edirlər. Bu interaktiv funksiya istifadəçilərin böyük marağına səbəb olub.
Bu nailiyyətlə bağlı "Google DeepMind"in rəhbəri Demis Hassabis X platformasındakı paylaşımında komandanı təbrik edib və bu uğurun hələ "başlanğıc" olduğunu bildirib.
Qeyd edək ki, 2025-ci ilin aprelində "OpenAI" şirkəti "GPT-4o" modelindəki şəkil generatorunun auditoriyasının ən çox Hindistanda böyüdüyünü açıqlamışdı. Bu fakt, "Gemini"nin məhz Hindistan bazarında əldə etdiyi liderliyin əhəmiyyətini daha da artırır və rəqabətin nə qədər gərgin olduğunu göstərir.