Az | EN

İlk dəfə Azərbaycandan 3 xanım Women In Tech ®️ Global Movement beynəlxalq müsabiqəsinin finalına keçdilər!

Səbinə Eyvazova
27 Sentyabr 2023 15:00
278 baxış
İlk dəfə Azərbaycandan 3 xanım Women In Tech ®️ Global Movement beynəlxalq müsabiqəsinin finalına keçdilər!

22 sentyabr Tbilsidə Caucasus and Central Asia Awards (Qafqaz və Mərkəzi Asiya) müsabiqəsi keçirildi.
Texnologiya sahəsi üzrə aparıcı təşkilatlardan biri olan Women In Tech ®️ Global Movement 2018-ci ildən fəaliyyət göstərir. Dünyanın 6 qitəsində nümayəndəlikləri və 200.000-dən çox iştirakçısı var.
2022-ci ildən etibarən Women in Tech təşkilatının Azərbaycan üzrə nümayəndəliyi fəaliyyət göstərir.

Bu il ilk dəfə Women In Tech ®️ Global Movement bir parçası olaraq Azərbaycan və Gürcüstan nümayəndəlikləri Caucasus and Central Asia Awards (Qafqaz və Mərkəzi Asiya) müsabiqəsinə start verdi. Müsabiqəyə 6 ölkədən 80-dən çox qız və qadın müraciət etdilər. CCA Awards 9 nominasiya üzrə keçirildi. Azərbaycanı çoxsaylı güclü gənc qızlar və qadınlar təmsil etdi. 9 nominasiyada 43 finalist iştirak etdi və hər nominasiya üzrə münsiflər heyəti tərəfindən bir qalib seçildi.
Müsabiqənin tam şəffaf keçirilməsi məqsədilə, ilk CCA  Awards müsabiqəsinə münsiflər heyəti özəl olaraq dəvət edildi. Belə ki,  texnologiya və STEAM üzrə aparıcı mütəxəssilərdən ibarət dünya səviyyəli münsiflər heyəti bir araya toplandı.


Bunlar Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti, İnarə Vəliyeva Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi, Fərrux Əli "PASHA Holding"in innovasiyalar proqramının rəhbəri, Tal Kantan Forbes, Google, Tedex-in aparıcı natiqçisi və top məsləhətçisi, Mariam Lashkhi Gürcüstan Parlamentinin üzvü, Nana Dikhaminjia Digital Transformation Center-in rəhbəri, Mel McCann Cardano Doundation-in vitse prezidenti və Erekle Maghradze Texnologiya Məktəbinin rəhbəri. 9 nominasiya üzrə münsiflər heyəti tərəfindən 9 qalib seçildi.

Yeni başlayan Yeniyeyetmə Mükafatı (Aspiring Teen Award) - Ləman Əliyeva (Azərbaycan)

AWS  tərəfindən dəstəklənən İlin Sıçrayışı Mükafatı (Most Disruptive Award, powered by AWS) - Tamar Bosikashvili (Gürcüstan)

Ən Yaxşı Mütəffiq Mükafatı (Best Ally Award) - Marina Dushenova (Qırğızıstan)

Ən Təsirli Təşəbbüs Mükafatı (Most Impactful Initiative Award) - Technovation Girls+ (Özbəkistan)

Qadın Web3-də Mükafatı (Woman in Web3 Award) - Marie Giorgobiani (Gürcüstan)

Amazon Music tərəfindən dəstəklənən İncəsənət Mükafatı (Arts Award, powered by Amazon Music) - Ana Tkebuchava (Gürcüstan)

Startap Mükafatı (Start-Up Award) - Leyla Orucova ( Azərbaycan)

Qlobal Liderlik Mükafatı (Global Leadership Award) - Ana Nakaşidze (Azərbaycan)

Həyat boyu Nailiyyət Mükafatı (Lifetime Achievement Award) - Nargis Dustmatova (Özbəkistan)


Azərbaycandan olan qalib xanımlarla yaxından tanış ola bilərsiniz.

Yeni başlayan Yeniyetmə Mükafatı - Ləman Əliyeva.
Ləman Əliyeva hazırda ADA Universitetində İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin 4-cü kurs tələbəsidir. O, eyni zamanda Technest təqaüdçüsü və bir çox yerli və beynəlxalq müsabiqələrin qalibidir. Ləman maşın öyrənməsi, məlumat elmi və dərin öyrənmə daxil olmaqla, süni intellekt sahələrində geniş sənaye və tədqiqat maraqlarına malikdir. O, Google-un Qadın Texnologiyalar üzrə Səfirlərindən biri seçilib və Azərbaycanda ilk Süni İntellekt Klubunu təsis edib. Sahibkarlıq təcrübəsinə gəlincə, Ləman SABAH.lab akselerasiya mərkəzi tərəfindən dəstəklənən Tenter startapının həmtəsisçisidir.

 


Startap Mükafatı  -  Leyla Orucova.
Leyla Orucova 2017-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.  Son bir neçə il ərzində, PASHA Sığortada biznes analitik rolunu icra edir. Əsas işdən əlavə, bir çox xarici startaplar üçün biznes analitika həlləri ilə töhfə verməyə çalışır. 2022 PASHA Sığortanın dəstəyi ilə iCheck Medical App startapını qurmuşdur.

iCheck nədir? Süni intellekt bazasında qurulmuş tibb dünyasında bələdçi! Tətbiq necə işləyir? İnsan modeli üzərində bədənin narahat edən hissəsinə toxunaraq, simptomları seçərək, ən çox ehtimal olunan səbəbləri və müalicə tövsiyələrini təqdim edir.iCheck proqramı ilə siz öz probleminiz üzrə ixtisaslaşmış düzgün həkimi asanlıqla tapa bilərsiniz.

Qlobal Liderlik Mükafatı - Ana Nakaşidze.
Ana Nakaşidze “AzerTelecom” MMC-nin Baş icraçı direktorudur.
Ana Nakaşidze pandemiya və postpandemiyadan sonrakı transformasiya dövründə, eləcə də çətin dövrlərdə şirkətə rəhbərlik edib və şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə edib.

Ana Nakaşidze telekommunikasiya sənayesində 20 ildən artıq təcrübəyə malikdir. O, 2020-ci ildə AzerTelecom-un baş direktoru vəzifəsinə təyin edilməzdən əvvəl AzerTelecom-da Baş Direktorun Əməliyyatlar üzrə müavini vəzifəsində çalışıb və Gürcüstanda və qlobal miqyasda özəl, dövlət və konsaltinq sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
 

CCA Awards-in qalibləri bu il 16 noyabr tarixində keçiriləcək WOMEN IN TECH - Global Movement Awards-ın finalına qatılacaqlar. Xanımlarımıza uğurlar diləyrik!
 

Növbəti CCA Awards müsabiqəsi  gələn il Bakıda keçirməsi nəzərdə tutulub.

© copyright 2022 | tech.az | info@tech.az