Donald Trump-ın ABŞ Prezident seçkilərində qalib gəlməsində ən böyük dəstəkçilərdən biri, X və SpaceX-in baş icraçı direktoru İlon Mask oldu. İlon Mask-ın kabinetdə yer alıb-almayacağı isə maraq doğururdu. ABŞ-ın 47-ci Prezidenti seçilən Trump, iş adamı İlon Mask və sahibkar Vivek Ramaswamy-nin Hökumət Səmərəliliyi Nazirliyinə rəhbərlik edəcəyini elan edib.
İkinci prezidentlik dövrü üçün hazırlıqlarını sürətlə davam etdirən Donald Trump, yeni dövrdə kabinet üzvlərinin formalaşdığını açıqlayıb. Seçki dövründə Trump-ı ən çox dəstəkləyən şəxs olan İlon Mask-ın hansı vəzifəni icra edəcəyi maraq doğururdu.
İlon Mask-ı nazir təyin etdi
Trump, sözügedən təyinatla bağlı verdiyi açıqlamada "DOGE" qısaltması ilə tanınan nazirliyə Mask və Ramaswamy-nin birlikdə rəhbərlik edəcəyini bildirib. Trump, Mask və Ramaswamy-nin hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri azaltmaq, israfçı xərcləri kəsmək və federal qurumları yenidən qurmaq üçün çalışacağını qeyd edib.
"Manhattan Proyekti" diqqət çəkdi
Trump, bu layihənin dövrün "Manhattan Proyekti" olacağını və Respublikaçı siyasətçilərin uzun zamandır "DOGE" məqsədlərini reallaşdırmağı arzuladıqlarını bildirib.
Ağ Ev və İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcək
Trump, Hökumət Səmərəliliyi Nazirliyinin hökumət xaricindən məsləhət və rəhbərlik təmin edəcəyini, geniş miqyaslı struktur islahatlarına yönələcəyini və hökumətə daha əvvəl görülməmiş bir sahibkarlıq yanaşması gətirmək üçün Ağ Ev və İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəyini qeyd edib.
"Dəyişiklikləri səbirsizliklə gözləyirəm"
Donald Trump, "Elon və Vivek-in federal bürokratiyada səmərəliliyi artırmaq və bütün amerikalılar üçün daha yaxşı bir həyat təmin etmək məqsədi ilə dəyişikliklər edəcəyini səbirsizliklə gözləyirəm" deyə bildirib.
Trump, illik 6,5 trilyon dollarlıq hökumət xərclərindəki böyük israf və fırıldaqları aradan qaldıracaqlarını vurğulayaraq, Mask və Ramaswamy-nin ABŞ iqtisadiyyatını azad etmək və hökuməti xalq qarşısında məsuliyyətli etmək üçün birgə çalışacaqlarını deyib.
Trump, işlərinin ən gec 4 iyul 2026-cı ilə qədər tamamlanacağını və Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümündə daha səmərəli, daha az bürokratiyaya malik kiçik bir hökuməti ölkəyə "hədiyyə" olaraq təqdim edəcəklərini bildirib.
Açıqlamada fikirlərinə yer verilən Mask da "Bu, sistemdə və hökumət israfına yol verənlər arasında şok dalğaları yaradacaq" ifadəsini işlədib.