Az | EN

İlon Mask: DOGE ilə işim bizneslərimi idarə etməyi çətinləşdirir

Nigar Sultanli
11 Mart 2025 11:18
97 baxış
İlon Mask: DOGE ilə işim bizneslərimi idarə etməyi çətinləşdirir

Milyarder İlon Mask Fox-un aparıcısı Larry Kudlow ilə müsahibəsində Donald Tramp-ın federal xərcləri azaltmaq üçün yaratdığı Department of Government Efficiency (DOGE) proqramında iştirakının onun bizneslərini idarə etməyi çətinləşdirdiyini etiraf edib.

"Digər bizneslərinizi necə idarə edirsiniz?" sualına Mask "Çox çətinliklə. Açığı, burada olduğuma inana bilmirəm" cavabını verib.

DOGE və Mask hökumət qurumlarında xərclərin azaldılması ilə bağlı həddən artıq vədlər verməkdə və real nəticələr əldə etməməkdə tənqid olunur. Ekspertlər DOGE-nin maliyyə qənaətləri ilə bağlı təqdim etdiyi məlumatların şişirdilmiş və qeyri-dəqiq olduğunu bildirir.

Bundan əlavə, kibertəhlükəsizlik mütəxəssisləri DOGE-nin ABŞ-ın məlumat və hesablama infrastrukturunu təhlükəyə atdığını deyir. İddiaya görə, hökumət sistemlərində təcrübəsi olmayan bəzi DOGE əməkdaşları dövlət qurumlarının məlumatlarına təhlükəsiz olmayan yollarla giriş əldə edib və bu məlumatları qorunmayan serverlərə köçürüblər.

Mask DOGE-də işləməyin onu yorub əldən saldığını desə də, bəzi tənqidçilər onu bu təşəbbüsdən öz biznes maraqları üçün istifadə etməkdə günahlandırırlar.

DOGE artıq istehlakçı maliyyə müdafiəsi bürosunun (CFPB) işini məhdudlaşdıraraq X-in planlaşdırdığı virtual cüzdan xidmətinə nəzarəti zəiflədib. Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasında (NHTSA) işçi sayını azaldaraq Tesla-nın avtopilot texnologiyasına qarşı açılan istintaqları zəiflədib. Federal Aviasiya Administrasiyasında (FAA) bəzi əməkdaşları işdən çıxarıb, bu da SpaceX-ə qarşı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı tədbirlərin azaldılmasına səbəb olub. Həmçinin, DOGE Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) işçi sayını əhəmiyyətli dərəcədə azaltmaq üçün təzyiq göstərib – Mask-ın uzun müddətdir münaqişə yaşadığı qurumlardan biri.

Kudlow-un "DOGE-dəki iştirakınızı bir il də uzadacaqsınız?" sualına Mask "Bəli" cavabını verib.

"Biz sadəcə hesabat yazmaq əvəzinə real işlər görürük. Hesabatların heç bir mənası yoxdur, əsas olan hərəkətə keçməkdir", – Mask əlavə edib

© copyright 2022 | tech.az | info@tech.az