Az | EN

İlon Mask: "Neuralink əməliyyatları uğurludur"

Cəmil Hüseynzadə
13 Yanvar 2025 14:00
138 baxış
İlon Mask: "Neuralink əməliyyatları uğurludur"

Neuralink-in qurucusu İlon Mask Las-Veqasda keçirilən tədbirdə bildirib ki, hazırda üç pasiyentə beyin çipi implant olunub və hamısı müvəffəqiyyətlə işləyir. Bu barədə Bloomberg məlumat yayıb.

Mask əlavə edib ki, 2025-ci ildə şirkət daha 20-30 nəfərə beyin implantı yerləşdirməyi planlaşdırır. Ətraflı məlumat verilməsə də, bu istiqamətdə işlərin davam etdirildiyi vurğulanıb.

Neuralink 2023-cü ildə insan üzərində neyroçiplərin sınağını həyata keçirmək üçün icazə alıb. İlk əməliyyat 2024-cü ilin əvvəlində həyata keçirilib. O əməliyyat nəticəsində pasiyent düşüncə gücü ilə kompüterdə siçanı idarə edə, Civilization VI oyununu oynaya və hətta yayımlar apara bilib.

İkinci əməliyyat haqqında məlumatı İlon Mask 2024-cü ilin avqustunda paylaşıb. Bu əməliyyatdan cəmi bir gün sonra iştirakçı yalnız düşüncə gücü ilə Counter-Strike 2 oyununu oynamağı bacarıb.

2024-cü ilin sentyabrında Neuralink kor görmə qabiliyyətini bərpa etmək məqsədilə Blindsight adlı implantını sınaqdan keçirmək üçün könüllülər axtarmağa başlayıb. Noyabrda isə şirkət ABŞ xaricində ilk klinik sınaqlara başlamaq üçün icazə əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az