İlon Mask uzun illər Tesla avtomobillərinin tam avtonom sürüş (özünü idarə edən) qabiliyyətinə malik olduğunu iddia edirdi. Lakin bu həftə etdiyi açıqlamada bəzi modellərin yenilənməyə ehtiyac duyduğunu qəbul edib.
Mask bildirib ki, 2019-2023-cü illər arasında satılan “Hardware 3” avadanlığı ilə təchiz edilmiş avtomobillər tam avtonom sürüş üçün uyğun deyil və bu avtomobillərin kompüterləri yenilənməlidir.
“Tam avtonom sürüş proqramı almış istifadəçilərin “Hardware 3” kompüterlərini dəyişməli olacağıq. Bu çətin və ağrılı olacaq, amma bu işi tamamlayacağıq,” — Mask etiraf etdi.
Bu açıqlama Tesla-nı yaxından izləyənlər üçün təəccüblü olmadı. Çünki şirkət 2016-cı ildə bütün avtomobillərin gələcəkdə yalnız bir proqram yeniləməsi ilə tam avtonom sürüşə keçə biləcəyini vəd etmişdi. Lakin bu vəd yerinə yetmədi və Tesla həmin açıqlamanı saytından sildi.
2019-cu ildən Tesla “Hardware 3” kompüterlərinə keçdi. Daha əvvəl “Hardware 2.0” və “Hardware 2.5” kompüterləri ilə təchiz olunan avtomobillər də yenilənməyə ehtiyac duyurdu. Tesla əvvəlcə bu yenilənmə üçün istifadəçilərdən ödəniş tələb etsə də, bir müştərinin məhkəməyə müraciəti ilə bu xidmətin pulsuz olması qərara alındı.
Mask son açıqlamasında “Hardware 4” ilə təchiz edilmiş avtomobillərə iyun ayında yeni avtonom sürüş proqramı göndərməyi planlaşdırdıqlarını və Austin şəhərində pilot layihə başladacağını qeyd etmişdii. O, 2025-ci ilin Tesla üçün ən önəmli il ola biləcəyini vurğuladı.