2025-ci ilin iyun ayında ABŞ Prezidenti Donald Tramp və texnologiya sektorunun ən nüfuzlu simalarından biri olan İlon Mask arasında münasibətlər tamamilə pozulub. Əvvəllər sıx əməkdaşlıq edən bu iki şəxs indi sosial şəbəkələr üzərindən bir-birilərinə sərt ittihamlarla hücum edirlər. Bu qarşıdurma nəinki şəxsi xarakter daşıyır, həm də ABŞ siyasəti və texnologiya sektoru üçün ciddi nəticələr vəd edir.
Münaqişənin başlanğıcı: “One Big Beautiful Bill” qanun layihəsi
Gərginlik, ABŞ Konqresində 22 may tarixində qəbul edilən və hazırda Senatda müzakirəyə təqdim olunmuş “One Big Beautiful Bill” adlı 1038 səhifəlik qanun layihəsindən sonra başladı. Layihə vergi azalmaları və Amerika biznesinə sərmayə təşviqləri adı altında təqdim edilsə də, ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına əsasən, qanun layihəsi 3.7 trilyon dollar vergi azaldılmasına səbəb olacaq, lakin eyni zamanda 10 il ərzində dövlət borcunu 2.4 trilyon dollar artıracaq və borc limitini 4 trilyon dollar yüksəldəcək.
Qanun layihəsi çərçivəsində sosial təminat gəlirlərindən, bəxşişlərdən və əlavə iş saatlarından alınan vergilər ləğv olunacaq, lakin Medicaid və SNAP kimi federal səhiyyə və sosial yardım proqramlarında ciddi ixtisarlar ediləcək. Bu ixtisarlar nəticəsində 2034-cü ilə qədər 11 milyon insanın tibbi sığortadan məhrum qalacağı gözlənilir.
İlon Mask bu qanun layihəsinə qarşı ilk açıq etirazını 3 iyun tarixində X (əvvəlki Twitter) platformasında bildirdi:
"Bu kütləvi, iyrənc, israfla dolu qanun layihəsi rüsvayçılıqdır. Səs verənlər, siz pislik etdiyinizi bilirsiniz."
Bir neçə gün sonra Tramp, Mask-ın NASA rəhbəri vəzifəsinə irəli sürdüyü Cared İzakman-ın namizədliyini geri çəkdi – bu isə münasibətlərin artıq açıq şəkildə gərildiyinin göstəricisi idi.
Tramp sonrakı açıqlamasında bildirib ki, Mask qanun layihəsinin detallarını əvvəlcədən bilirdi, lakin layihədə elektrik nəqliyyat vasitələri (EV) üçün subsidiyaların kəsilməsi planlarını öyrəndikdən sonra narazı qaldı. Prezidentə görə, bu subsidiyalar olmadan Tesla milyardlarla dollar itirə bilərdi.
Mask isə iddia edir ki, Tramp seçkiləri yalnız onun dəstəyi ilə udub:
"Mənsiz Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Senatda da respublikaçılar 51-49 üstünlükdə olmazdılar."
Tramp öz platforması Truth Social-da Mask-ı “özbaşına davranmaqda” ittiham etdi və əlavə etdi:
"Mən onun EV Mandatını – heç kimin istəmədiyi elektrik maşınlarını almağı məcbur edən proqramı – ləğv etdim və o, dəli oldu!"
Tramp daha sonra İlon Mask-ın hökumətdən aldığı subsidiyaların və müqavilələrin ləğv edilməsinin büdcəyə milyardlarla qənaət gətirəcəyini bəyan etdi.
Mask isə buna cavab olaraq SpaceX-in Dragon kosmik aparatını fəaliyyətindən çıxaracağını bildirdi və Tramp-ı uşaq istismarçısı Cefri Epsteyn-in sənədlərində adının keçməsi ilə ittiham etdi. Bu iddiaya Tramp tərəfindən cavab verilməyib.
Texnologiya sektorunda mümkün dalğalanmalar
Bu qarşıdurma təkcə şəxsi münasibətlərin pozulması ilə yekunlaşmır. İlon Mask-ın ardınca bir sıra texnologiya rəhbərləri – Mark Zukerberq (Meta), Sundar Pçai (Google), Ceff Bezos (Amazon), Sem Altman (OpenAI) və Tim Kuk (Apple) da 2025-ci il prezidentliyə inauqurasiya fondu üçün Tramp-a dəstək vermişdilər. Lakin hazırda Tramp-ın tətbiq etdiyi idxal tarifləri və iqtisadi siyasətlər bu şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir.
Mask-ın Tramp-a qarşı bu sərt mövqeyi və texnologiya dünyasının digər nəhənglərinin də reaksiyası, ABŞ-də texnologiya və siyasət arasında münasibətlərin gələcəyinə dair mühüm suallar doğurur. Bu qarşıdurma, həmçinin, milyarder iş adamlarının ABŞ siyasətinə təsirinin harada başlayıb harada bitdiyinə dair yeni debatlara yol açacaq kimi görünür.