İranda Rusiya mənşəli “Mir” ödəniş kartlarının istifadəsi artıq mümkün olub. Bu barədə İran İslam Respublikasının Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb. Xəbəri TASS agentliyi yayımlayıb.
Məlumata əsasən, Rusiya və İran arasında ödəniş sistemlərinin inteqrasiyasının ikinci mərhələsi uğurla yekunlaşıb. Bununla da Rusiya vətəndaşları İranda “Mir” kartları və Android cihazlarda mövcud olan Mir Pay tətbiqi vasitəsilə alış-veriş edə biləcəklər. Kiçik məbləğli ödənişlər isə PIN-kod daxil edilmədən həyata keçirilə bilər.
Qeyd edək ki, iki ölkə arasında ödəniş sistemlərinin inteqrasiyası planı ilk dəfə 2024-cü ilin yayında elan olunmuşdu. Həmin ilin noyabr ayında isə birinci mərhələ tamamlanmışdı – İran vətəndaşlarına Rusiya bankomatlarından rubl çıxarmaq imkanı yaradılmışdı.
Gələcəkdə İran vətəndaşlarının da Rusiyada Shetab kartları vasitəsilə ödəniş etməsi planlaşdırılır. Bu addım iki ölkə arasında maliyyə əməkdaşlığının və turizm mübadiləsinin inkişafına mühüm töhfə verəcək.