Az | EN

İRİA ekosistemin inkişafına yönəlmiş böyük həcmli açıq tender elan edib

Cəmil Hüseynzadə
01 İyun 2026 14:48
76 baxış
İRİA ekosistemin inkişafına yönəlmiş böyük həcmli açıq tender elan edib

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş yeni proqramlara start verilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Startapların inkişafına dəstək məqsədli innovasiya proqramı” layihəsinin icrası üzrə açıq tender elan edib.

Layihə innovativ ideyaların təşviqi, startapların inkişafına dəstək göstərilməsi və ölkədə sahibkarlıq mühitinin daha da gücləndirilməsi məqsədi daşıyır. Tender çərçivəsində il ərzində 4 ideaton, 4 startap məktəbi və 2 inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram iştirakçıları innovasiya, sahibkarlıq, məhsul inkişafı, marketinq, maliyyə və investisiya sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin GitHub kimi açıq mənbə platformalarının imkanlarından yararlanmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu tender İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yenidən təşkilatlanmasından sonra elan edilən ən böyük və ən əhatəli tenderdir. Təşəbbüs innovasiya ekosisteminin müxtəlif iştirakçılarını bir araya gətirməklə yeni ideyaların formalaşmasına, startapların inkişafına və texnologiya əsaslı həllərin yaranmasına əlavə imkanlar yaradacaq.

İRİA-nın həyata keçirdiyi bu kimi proqramlar ölkədə innovasiya mədəniyyətinin inkişafına, sahibkarlıq düşüncəsinin təşviqinə və insan kapitalının gücləndirilməsinə xidmət edir. Tender üzrə müraciətlər Dövlət satınalmalarının vahid internet portalı (E-tender) üzərindən qəbul edilir.

© copyright 2022 | tech.az | info@tech.az