James Webb Kosmik Teleskopu 12 iyul 2022-ci ildə ilk rəngli şəkillərini dünya ilə paylaşacaq. NASA-nın Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə birgə hazırladığı James Webb teleskopu 25 dekabr 2021-ci ildə uğurla orbitə buraxılıb və orbitdə yerləşdirilərək işə başlayıb.
Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edəcək teleskop Günəş sistemindən kənarda kəşf edilən yeni planetlərdə həyat axtarmaq məqsədi daşıyır. Bildirilir ki, ilk tam rəngli şəkillər və spektroskopik məlumatlar iyulun 12-də yayımlanacaq.
NASA administratoru Bill Nelsonun sözlərinə görə, teleskopdan əldə edilən ilk məlumatlar çox böyük əhəmiyyət daşıyacaq. Nelson teleskopun hansı obyektlərə fokuslandığı barədə çox təfərrüat verməsə də, gözlənilən məlumatların indiyə qədər görülmüş ən qədim obyektlər barədə olacağını ifadə edib.
Məlumat üçün onu da bildirək ki, 6 aylıq hazırlıq müddəti başa çatdıqdan sonra yayımlanacaq ilk rəngli şəkillər gələcək elmi missiyaların başlanğıcını təmsil edəcək.