Qazaxıstanın aparıcı fintex şirkəti Kaspi.kz yeni texnoloji funksiyasını — Kaspi Alaqan adlı “əl ilə ödəniş” sistemini təqdim edib. Bu funksiya istifadəçilərə nə bank kartı, nə də telefon istifadə etmədən, sadəcə əllərinin köməyi ilə alış-verişi ödəməyə imkan verir.
Kaspi-nin həmtəsisçisi və baş direktoru Mixail Lomtadze yeni texnologiyanı şirkətin təqdimat mərasimində ictimaiyyətə nümayiş etdirib. O, sistemin necə işlədiyini göstərmək üçün UFC döyüşçüsü Şavkat Rəhmənovu səhnəyə dəvət edib.
Şavkat təqdimat zamanı “əl ilə” məsaj aparatının ödənişini həyata keçirib. Cihazın dəyəri 42 900 tenqe olsa da, təqdimat simvolik xarakter daşıyıb — Rəhmənov onu cəmisi 99 tenqeyə alıb.
Mixail Lomtadze bildirib ki, Kaspi Alaqan texnologiyası “smartfonu cibdən çıxarmaqdan da sürətlidir” və ödəniş prosesini daha rahat, təhlükəsiz və intuitiv edəcək.
Yeni funksiya yaxın aylarda Kaspi ekosistemində mərhələli şəkildə istifadəyə veriləcək.
