Az | EN

Mask: “Tesla” ilə yollarımı ayıra bilərəm

Nigar Sultanli
27 Oktyabr 2025 11:14
58 baxış
Mask: “Tesla” ilə yollarımı ayıra bilərəm

İlon Mask həmçinin səhmdarlara ultimatum verərək, on il ərzində dəyəri 1 trilyon dollara çata biləcək yeni təzminat paketini təsdiqləməyəcəkləri təqdirdə "Tesla"dan ayrılacağını bəyan edib. Şirkətin İdarə Heyəti bu mühüm məsələ barədə qərar qəbul etməlidir. Söhbət, Maskın "Tesla"dakı payını 13%-dən 25%-ə yüksəltməsinə imkan verəcək, mərhələli şəkildə səhm şəklində ödəniləcək təzminat paketindən gedir. Hər bir təzminat mərhələsi şirkətin bazar dəyərinin 500 milyard dollar artmasına bağlıdır.

İlon Mask şirkətə daha çox nəzarət etmək istəyini ifadə edib və gələcəkdə "külli miqdarda robot ordusu" qurmaq planı barədə danışıb. Bu açıqlamalar Maskın iki əsas narahatlığı ilə bağlıdır: birincisi, şirkət üzərindəki səhm nəzarətini artırmaq, ikincisi isə robot ordusunu yaradarkən əsas qərarverici mövqeyini itirməmək. Mask deyib: "Əgər mən böyük bir robot ordusu yaradıramsa, gələcəkdə kimsə məni kənarlaşdıra bilərmi? Bu robot ordusunu qursaq, heç olmasa onun üzərində güclü bir təsirə malik ola biləcəyəmmi? Nəzarət demirəm, sadəcə güclü təsir... Əgər mənim təsir gücüm olmazsa, bu robot ordusunu yaratmaq mənə rahatlıq verməyəcək".

Bu geniş paket, Maskın qarşısına qoyulmuş bir sıra iddialı hədəfləri reallaşdırması halında mümkün olacaq. O, şirkət səhmlərinin tam 12%-ni o zaman əldə edəcək ki, "Tesla"nın kapitallaşması 8,5 trilyon dollara çatsın (hazırda bu rəqəm bir qədər 1 trilyon dollardan çoxdur), 2035-ci ilə qədər korreksiya edilmiş mənfəət göstəricisi 400 milyard dollara yüksəlsin, şirkət 20 milyon elektrikli avtomobil, 1 milyon robotaksi və 1 milyon "Optimus" tipli insanabənzər robot tədarük etsin. İdarə Heyətinin sədri Robin Denholm açıqlayıb ki, "İlonu şirkətdə saxlamaq və onu həvəsləndirmək, 'Tesla'nın tarixin ən dəyərli şirkətinə çevrilməsi üçün təməl şərtdir". Səhmdarların illik yığıncağı 6 noyabrda keçiriləcək və Maskı şirkətdə saxlamaq üçün İdarə Heyəti tərəfindən təklif olunan paket səsverməyə çıxarılacaq.

© copyright 2022 | tech.az | info@tech.az