Az | EN

Microsoft 9,000 işçini ixtisar edərək struktur islahatlarına başlayıb

Nigar Sultanli
04 İyul 2025 13:40
96 baxış
Microsoft 9,000 işçini ixtisar edərək struktur islahatlarına başlayıb

Microsoft şirkəti qlobal işçi heyətinin təxminən 4%-ni təşkil edən 9,000 nəfəri işdən çıxarmaq qərarına gəlib. Bu ixtisarlar texnologiya nəhənginin bu il ərzində həyata keçirdiyi bir neçə kütləvi ixtisar dalğasından biridir. 2025-ci ilin əvvəlindən bu günə qədər şirkət artıq 15,000-dən çox əməkdaşla yollarını ayırıb.

Əməkdaşların azaldılması əsasən idarəetmə strukturlarının yığcamlaşdırılması və qərar qəbul etmə proseslərinin daha çevik hala gətirilməsi məqsədilə aparılır. Hədəf isə süni intellekt və bulud texnologiyalarına daha çox sərmayə yönəltməkdir. Microsoft, süni intellekt və Azure bulud platforması sahəsində böyümə strategiyasını dəstəkləmək üçün struktur islahatları həyata keçirir.

Qeyd edək ki, ixtisarlar bir neçə bölməni, o cümlədən Xbox oyun bölməsini və satış komandalarını da əhatə edir. Bütün bunlara baxmayaraq, Microsoft-un maliyyə göstəriciləri güclü olaraq qalır. Şirkət son rübdə 25.8 milyard dollar xalis gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir. Ümumi rüblük gəlir isə 70 milyard dolları keçib.

Microsoft-un rəhbərliyi bildirir ki, bu ixtisarlar, uzunmüddətli inkişaf və rəqabət qabiliyyətinin artırılması məqsədilə atılan strateji addımlardır. Şirkət süni intellekt texnologiyalarının inkişafına yönəlik 80 milyard dollardan artıq sərmayə ilə bazarda lider mövqeyini qorumağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az