Az | EN

Microsoft dünya üzrə işçilərinin 3%-ni ixtisar edir

Nigar Sultanli
14 May 2025 10:54
55 baxış
Microsoft dünya üzrə işçilərinin 3%-ni ixtisar edir

Microsoft korporasiyası dünya üzrə əməkdaşlarının təxminən 3%-ni ixtisar edəcəyini açıqlayıb. Bu barədə CNBC informasiya agentliyi məlumat yayıb. Şirkət bildirib ki, bu qərar “dinamik bazarda uğur qazanmaq” məqsədilə atılıb və təşkilati strukturun optimallaşdırılması ilə bağlıdır.

Ixtisarlar müxtəlif ölkələrdə və müxtəlif vəzifələrdə çalışan işçiləri əhatə edəcək. Microsoft-un açıqlamasına görə, əsas məqsədlərdən biri şirkətdə rəhbərlik səviyyələrinin sayını azaltmaqdır. Bu, idarəetmənin daha çevik və effektiv olmasına xidmət edəcək.

CNBC-nin məlumatına əsasən, 2024-cü ilin iyun ayına olan statistikaya görə, Microsoft-un qlobal işçi sayı təxminən 228 min nəfər təşkil edirdi. Bu rəqəmin 3%-i təxminən 7,000 nəfər deməkdir. Bu, 2023-cü ildə həyata keçirilən və 10,000 nəfəri əhatə edən ixtisarlardan sonra şirkətin ən böyük kütləvi ixtisarı ola bilər.

Microsoft hələlik konkret olaraq hansı şöbələrdə və regionlarda ixtisarların həyata keçiriləcəyini açıqlamayıb. Bu addım, texnologiya sektorunda davam edən struktur dəyişiklikləri və optimallaşdırma tendensiyaları fonunda baş verir.

© copyright 2022 | tech.az | info@tech.az