Microsoft Excel istifadəçiləri üçün maraqlı yenilik gətirib. İndi cədvəllərlə işləmək daha asan olacaq, çünki şirkət süni intellekt köməkçisi Copilot funksiyasını sınaqdan keçirməyə başlayıb.
Excel-ə əlavə edilən yeni =COPILOT funksiyası adi düstur kimi işləyir. Sadəcə mötərizənin içinə təbii dildə yazılmış sorğu daxil etmək kifayətdir. Məsələn, istifadəçi bir neçə xanadakı məlumatı seçib Copilot-dan həmin rəyləri müsbət və mənfi olaraq ayırmağı xahiş edə bilər.
Bu köməkçi yalnız məlumatları sıralamır, həm də böyük həcmli məlumatı təhlil edir, mətndə konteksti anlayır, cədvəlləri və qrafikləri avtomatik hazırlayır. İstəyə görə mövcud Excel funksiyalarını da sorğuda qeyd etmək olar.
Hazırda yenilik Insider və Beta Channel proqramlarının iştirakçılarına təqdim olunub. Yaxın zamanda isə Copilot funksiyası Windows və Mac üçün əlçatan olacaq, daha sonra isə Excel-in veb versiyasına əlavə ediləcək.