Az | EN

Microsoft İsrailin Bulud Xidmətlərinə Çıxışını Dayandırdı

Nigar Sultanli
26 Sentyabr 2025 13:24
241 baxış
Microsoft İsrailin Bulud Xidmətlərinə Çıxışını Dayandırdı

Microsoft şirkəti, daxili araşdırmadan sonra İsrail Müdafiə Nazirliyinin bəzi texnologiyalarına çıxışı kəsdiyini elan etdi. Şirkətin araşdırması nazirliyin Microsoft xidmətlərindən Fələstinlilərin telefon danışıqları barədə izləmə məlumatlarını saxlamaq (yaddaşda tutmaq) üçün istifadə etdiyini üzə çıxardı.

Texnologiya nəhəngi cümə axşamı verdiyi açıqlamada, İsrail ordusunun bəzi Azure bulud anbarı və süni intellekt xidmətləri abunəliklərinin "tamamilə dayandırıldığını və bloklandığını" bildirdi.

Microsoft-un prezidenti Brad Smith məsələyə münasibət bildirərkən şirkətin prinsipial mövqeyini bir daha vurğuladı: "Biz mülki şəxslərin kütləvi şəkildə izlənməsini təmin edəcək texnologiyaları təklif etmirik. Bu prinsipə iyirmi ildən artıqdır ki, dünyanın hər yerində sadiq qalmışıq." Smith qeyd edib ki, Microsoft-un standart müqavilə şərtləri onların texnologiyasından mülki şəxslərə qarşı kütləvi nəzarət məqsədilə istifadə edilməsini qəti qadağan edir.

Smith araşdırmanın "The Guardian" qəzetində dərc olunan bir yazıdan sonra başladığını açıqlayıb. Yazıda İsrail ordusunun elit kəşfiyyat bölməsi olan "Unit 8200"ün Qəzza və İordan çayının qərb sahilindəki Fələstinlilərin telefon danışıqlarına dair məlumatları saxlamaq üçün Microsoft-un Azure bulud infrastrukturundan istifadə etdiyi iddia olunurdu.

Smith, müştəri məxfiliyi səbəbindən həmin məzmunlara birbaşa girişlərinin olmadığını deyib və bu iddiaları ortaya çıxardığı üçün "The Guardian"a təşəkkür edib.

Microsoft son bir ildə İsrail ilə əməkdaşlığına görə həm işçiləri, həm də ictimaiyyət tərəfindən ciddi tənqidlərə məruz qalırdı. Hətta şirkət bu əməkdaşlığa qarşı çıxan bəzi əməkdaşlarını işdən çıxarmışdı.

Bu son qərar, şirkətin etik prinsiplərini qoruduğunu nümayiş etdirir və uzun müddətdir davam edən daxili etirazlara bir cavab hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az