Microsoft və OpenAI arasında yeni razılaşma imzalanmağa yaxındır. Bu razılaşma şirkətə OpenAI-nin süni intellekt texnologiyalarına, o cümlədən gələcəkdə mümkün ola biləcək ümumi süni intellektə (AGİ) çıxışı təmin edə bilər. Əgər razılaşma baş tutarsa, bu OpenAI-nin daha geniş kommersiya fəaliyyətinə keçidinin əsas mərhələlərindən biri olacaq.
Bloombergin məlumatına görə, danışıqlar hələ davam edir və razılaşmanın yaxın həftələrdə əldə olunması gözlənilir. Lakin bu prosesin qarşısını ala biləcək bəzi amillər də var. Məsələn, tənzimləyici orqanların müdaxiləsi və İlon Maskın OpenAI-nin kommersiyalaşmasına qarşı qaldırdığı məhkəmə iddiası.
OpenAI hazırda qeyri-kommersiya əsaslı qurum kimi fəaliyyət göstərir. Bu struktur şirkətin texnologiyalar üzərində tam gəlir əldə etməsini məhdudlaşdırır. Lakin OpenAI bu məhdudiyyətləri aradan qaldırmaq və daha sərbəst fəaliyyət göstərmək istəyir.
Microsoft isə OpenAI-nin əsas sərmayədarıdır. Şirkətə 13.75 milyard ABŞ dolları həcmində investisiya qoyub və bəzi texnologiyalara və patentlərə çıxış imkanı əldə edib. Mövcud razılaşma 2030-cu ilə qədər və ya OpenAI AGİ ümumi süni intellekt əldə etdiyini elan edənədək qüvvədə qalır. Lakin AGİ-nin dəqiq nə zaman və necə əldə olunacağını müəyyənləşdirmək çətindir.
Microsoft-un əsas məqsədi OpenAI texnologiyalarına uzunmüddətli çıxışı təmin etmək və gələcəkdə daha çox paya sahib olmaqdır. Hal-hazırda OpenAI-nin hazırladığı texnologiyalar Microsoft-un Copilot Office Windows və GitHub kimi məhsullarına inteqrasiya edilib. Əgər OpenAI gözlənilmədən AGİ-yə keçdiyini elan edərsə və texnologiyaya çıxışı məhdudlaşdırarsa bu Microsoft üçün strateji baxımdan böyük itki ola bilər.
OpenAI isə qarşı tərəfə texnologiyalardan təhlükəsiz və məsuliyyətli şəkildə istifadə edəcəyinə dair zəmanət verməyi planlaşdırır. Xüsusilə AGİ-yə doğru irəliləyiş baş verdikcə.
Eyni zamanda OpenAI-nin kommersiya modelinə tam keçidi Microsoft üçün də faydalı ola bilər. Hazırkı model investorlara məhdud gəlir imkanı yaradır yeni struktur isə səhmdarlıq formasında daha böyük gəlirlər və formal təsir imkanları təqdim edə bilər.
Bloomberg bildirir ki, danışıqlarda Microsoft-un OpenAI-də 30-35% pay əldə etməsi də müzakirə olunur.