Hesabata görə, şirkətin ümumi gəliri ötən illə müqayisədə 18% artaraq 77,7 milyard dollara çatıb. Şirkətin bu dövr üçün xalis mənfəəti, yəni bütün xərclər çıxıldıqdan sonra qalan təmiz qazancı isə 12% artımla 27,7 milyard dollar təşkil edib.
Bu yüksək gəlirlərin əsas mənbəyi şirkətin "bulud" texnologiyaları (cloud) və süni intellekt (AI) sahələri olub. Microsoft-un öz açıqlamasına görə, mənfəət əslində 3,1 milyard dollar daha çox ola bilərdi. Lakin şirkət bu vəsaiti süni intellekt sahəsində əməkdaşlıq etdiyi OpenAI şirkətinə investisiya kimi yatırıb.
Şirkətin gəlirlərinin böyük hissəsi iki əsas bölmədən gəlib. "Ağıllı Bulud" (Intelligent Cloud) adlanan bölmə ən çox böyümə göstərib (28% artım) və ümumi gəlirə 30,9 milyard dollar qazandırıb. Buraya Azure, GitHub, Windows Server kimi xidmətlər daxildir. Ən çox gəlir gətirən bölmə isə 33 milyard dollarla "Məhsuldarlıq və Biznes Prosesləri" olub. Bu kateqoriyaya Office 365, Copilot ilə inteqrasiyalar və LinkedIn kimi məhsullar aiddir.
Ümumi gəlirin qalan 13,8 milyard dollarlıq hissəsi isə "Şəxsi Hesablama" (More Personal Computing) bölməsinin payına düşüb. Bura Windows əməliyyat sisteminin lisenziyaları, Surface cihazları, Xbox konsolları və oyun xidmətləri kimi məhsullar daxildir. Maraqlıdır ki, bu müsbət nəticələrə baxmayaraq, hesabat açıqlandıqdan sonra şirkətin səhmləri bazarda (premarket ticarətində) təxminən 2,96% ucuzlaşaraq bir səhm üçün 525,5 dollara enib.
