AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İnsanyönümlü şəhərlər” mövzusunda keçirilən hakaton başa çatıb.
11 və 13 noyabrda keçirilmiş hakatonun əsas məqsədi gənclərin şəhər mühitinin inkişafına yönəlmiş innovativ ideyalarını üzə çıxarmaq, şəhərsalma sahəsindəki mövcud çağırışlara süni intellekt və müasir texnologiyalar əsasında həllər hazırlamaq, eləcə də perspektivli layihələrin startap təşəbbüslərinə çevrilməsini təşviq etmək idi.
Hakaton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın prioritetlərinə uyğun olaraq gənclərin texnoloji bacarıqlarının inkişafına və ölkədə süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verməyi hədəfləyib.
Hakatonun ilkin mərhələsində 25 komanda ictimai məkanlar və şəhər həyatı, inklüzivlik və əlçatanlıq, piyada və dayanıqlı mobillik, iqlim və dayanıqlı mühit, eləcə də rəqəmsal həllər və insan üçün texnologiya istiqamətləri üzrə mentorların dəstəyi ilə layihələrini formalaşdırıb. Dəyərləndirmə nəticəsində hər istiqamət üzrə iki komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsinə yüksəlib.
İdeyaların yenilikçi xüsusiyyətləri, şəhər infrastrukturunun təkmilləşdirilməsinə töhfəsi, praktiki tətbiq imkanları və dayanıqlı inkişaf perspektivləri əsas meyarlar kimi nəzərə alınıb.
Hakatonun 13 noyabrda keçirilən final mərhələsində komandalar layihələrini təkmilləşdirərək münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmənin nəticələrinə əsasən, “NeuraCity”, “Humanİz” və “Zəngəzur” komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Bağlanış mərasimində Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini – baş memar Cahangir Məmmədrzayev çıxış ediblər. Çıxışlarda gənclərin şəhərlərin gələcək inkişafında fəal iştirakının vacibliyi və onların təşəbbüslərinin reallaşdırılması üçün hakatonun yaratdığı imkanlar vurğulanıb.
Hakatonun yekununda qalib komandaların üzvləri Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi Rüfət Hüseynov tərəfindən təltif olunub və xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, hakatonda iştirak üçün 600-ə yaxın gənc müraciət edib.
MSİM gənclərin süni intellekt üzrə bilik və bacarıqlarını praktik layihələrdə tətbiq etməsinə şərait yaradan təşəbbüsləri bundan sonra da davam etdirməyi hədəfləyir.
