Az | EN

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Cəmil Hüseynzadə
25 Fevral 2023 15:12
864 baxış
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev startap ekosisteminin oyunçuları ilə görüş keçirib. 
Görüşdə Rəşad Nəbiyev ekosistemin inkişafı və gələcək planlar haqqında məlumat verib. Nazirliyin bu istiqamətdə fəaliyyəti haqqında danışan Rəşad Nəbiyev görülən işlərin statistikasını açıqlayıb. 
Rəqəmsal inkişaf istiqamətində nazirlik insan resurslarının artması üçün Technest təqaüd proqramını keçirir. Bu proqram Bakı və ölkənin müxtəlif regionlarını əhatə edir. Nazir məzunların 70%-nin artıq işlə təmin olunduğunu və onların orta əmək haqqının 1300 manat olduğunu bildirib. "Biz kurslar qarşısında tələb qoyduq ki, onların məzunları kursu bitirdikdən sonra iş tapa bilsinlər" deyən nazir bu prosesin uğurla davam etdiyini deyib.
"Online Azərbaycan" layihəsi haqqında məlumat verən Rəşad Nəbiyev 2024-cü ilin sonuna qədər ölkənin bütün ərazisinin fiber optik internetlə təmin olunacağını bildirib. 
Rəşad Nəbiyev çıxışında universitetlərin fəaliyyəti haqqında danışıb. "Azərbaycanda universitetlər əsasən tədris ilə məşğuldurlar. Halbuki onlar tədqiqatlar da etməlidirlər. Biz bu tədqiqların artması üçün çalışırıq". Bu istiqamətdə nazir İsrail universitetləri ilə əməkdaşlıq etdiklərini açıqlayıb. Həmçinin  universitetlərdə bu sektorda tədqiqatların aparılmasının vacibliyini, bu tip tədqiqatların aparılacağı təqdirdə inkişafın daha da sürətlənəcəyini vurğulayıb. 

Görüşdə həmçimin innovasiya və ekosistemin inkişafı üçün həm nazirliyin, PAŞA Holdinq-in, eləcə də bazar iştirakçılarının cəlb etdiyi vəsaitlər hesabına təxminən 12 milyonluq fond yaradılacağı bildirilib. Nazir fondun işinə artıq başlandığını da qeyd edib. O da bildirilib ki, burada əsas məqsəd bazarda infrastrukturun yaradılması, bazara kifayət qədər təcrübəli və bilikli insanların təqdim edilməsi, maliyyə mexanizmlərinin yaradılması və kifayət qədər əlverişli qanunvericilik bazasının təqdim edilməsidir.

Nazirlə görüş çərçivəsində ölkəmizdə startapların daha da çoxalmasının imkan və şəraitin yaradılması ilə bağlı olduğu da müzakirə edilib. Bildirilib ki, kifayət qədər öz sözünü demiş beynəlxalq şirkətlər Azərbaycandakı müəssisələrinə bizim vətəndaşlarımızı yüksək məvaciblə cəlb edə bilərlər. “Bunun da nəticəsində həmin şəxslərin bu şirkətlərin fəaliyyətiylə, idarəetməsiylə, eləcə də burada öyrəndiyi təcrübə və bilikləriylə hər hansısa bir sahəyə yönələ bilər. Çünki artıq bu şəxslər nəyin necə inkişaf etdiyini görəcək, bizim bazara nəyin lazım olduğunu təhlil edə biləcək.”, - deyə vurğulanıb.

© copyright 2022 | tech.az | info@tech.az