İlon Mask-ın "Neuralink" şirkətinin beyin çipi yerləşdirilən ilk xəstəsi Noland Arbo-nun həyatı, əməliyyatdan cəmi 18 ay sonra tamamilə fərqli bir mərhələyə qədəm qoyub. Amerikanın nüfuzlu "Fortune" jurnalı onunla apardığı müsahibə əsasında bu hekayəni işıqlandırıb.
2016-cı ildə dalğıclıq zamanı baş verən bədbəxt hadisə nəticəsində çiyinlərindən aşağı iflic olan Noland Arbo üçün həyat çətinləşmişdi. Lakin 2024-cü ildə ona "Telepathy" adlı çip yerləşdirildi. Bu çip sayəsində o, kompüter kursorunu düşüncə gücü ilə idarə etməkdə dünya rekordunu qırdı, onlayn şahmat oynadı və hətta məşhur "Mario Kart" oyununda iştirak edə bildi.
Müsahibədə Noland bu texnologiyanın ona itirdiyi müstəqilliyi geri qaytardığını və öz potensialını yenidən kəşf etməsinə kömək etdiyini bildirib.
Hazırda Noland çipdən gündə təxminən 10 saat istifadə edir. O, bu vasitə ilə kompüteri idarə edir, oyun oynayır və ən əsası, kollecdə təhsil alır. Gələcək planlarında neyrobiologiya üzrə təhsilini davam etdirmək və canlı çıxışlar vasitəsilə insanlara ilham vermək var.
"Neuralink" çipi hərəkətləri idarə edən beyin sahəsinə yerləşdirilir. Simsiz işləyən çipin batareyası təxminən hər beş saatdan bir doldurulur.
Jurnalistin "özünüzü kiborq hesab edirsinizmi?" sualına isə Noland belə cavab verib: "Texniki olaraq mən kiborqam, çünki maşın tərəfindən təkmilləşdirilmişəm. Amma özümü hələ də adi bir insan hesab edirəm."