İlon Maskın süni intellekt şirkəti xAI yeni maliyyələşmə raundunda 20 milyard dollar investisiya cəlb etdiyini açıqlayıb. Bu məbləğ şirkətin əvvəlki 15 milyard dollarlıq hədəfini üstələyib.
Sözügedən maliyyələşmə raundu xAI-ni təxminən 230 milyard dollar dəyərində qiymətləndirib. Daha əvvəl 15 milyard dollarlıq raundla bağlı yayılan xəbəri İlon Mask X sosial şəbəkəsində “yanlış” adlandırmışdı.
İnvestorlar sırasında Nvidia, Cisco Investments, eləcə də Maskın şirkətlərini uzun illərdir dəstəkləyən Valor Equity Partners, StepStone Group, Fidelity, Qətər İnvestisiya İdarəsi, Əbu-Dabinin MGX fondu və Baron Capital Group yer alıb. Nvidia və Cisco eyni zamanda xAI ilə texnoloji tərəfdaş və təchizatçı kimi əməkdaşlıq edir.
2025-ci ildə süni intellekt startapları rekord dərəcədə yüksək qiymətləndirmələrlə diqqət çəkib. Oktyabrda OpenAI 500 milyard dollar dəyərləndirmə ilə 6,6 milyard dollarlıq səhmlər satıb, noyabrda isə Anthropic şirkəti təxminən 350 milyard dollar dəyərində qiymətləndirilib.
xAI mart ayında İlon Maskın sosial şəbəkəsi X (keçmiş Twitter) ilə birləşərək platformanın sahibi olub.
Bununla yanaşı, şirkət bir sıra qalmaqallarla da üzləşir. Grok adlı çat-botun azyaşlıların seksual xarakterli görüntülərini və razılıq olmadan böyüklərə aid intim şəkillər yaratması səbəbindən xAI Avropa, Hindistan və Malayziyada tənzimləyici qurumların araşdırmaları ilə üz-üzədir. Sözügedən materiallar X platformasında geniş yayılıb.
İlon Mask xAI-nin infrastruktur inkişafını əsasən Tennessi ştatının Memfis şəhərində cəmləşdirir. Təbii qazla işləyən enerji qurğularından istifadə edən data mərkəzləri yerli sakinlərin narazılığına səbəb olub — tədqiqatçılar emissiyaların bölgədə havanın keyfiyyətinə mənfi təsir göstərdiyini bildirir.
Bütün mübahisələrə baxmayaraq, xAI ABŞ Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və Grok artıq qurumun süni intellekt agentləri platformasına daxil edilib. Çat-bot eyni zamanda Polymarket və Kalshi kimi proqnoz və mərc platformalarında əsas AI aləti kimi istifadə olunur.
