Az | EN

OpenAI İlon Maskı məhkəməyə verib

Nigar Sultanli
17 Aprel 2025 12:35
107 baxış
OpenAI İlon Maskı məhkəməyə verib

Bu, Maskın şirkətə qarşı davam edən “hücumları” və “saxta satınalma təklifi” ilə bağlı olaraq təqdim edilmiş qarşılıqlı məhkəmə iddiasıdır. "OpenAI"nin hüquqşünaslarının məhkəməyə təqdim etdiyi sənədlərdə bildirilir ki, Maskın davamlı çıxışları və hərəkətləri şirkətin gələcəyini təhlükə altına alır və bu fəaliyyətlərə dərhal son qoyulmalıdır. Şirkət İlon Maskın “qanunsuz və ədalətsiz fəaliyyətlərinin” dayandırılması və vurduğu ziyana görə məsuliyyətə cəlb olunmasını tələb edir.

OpenAI rəsmi X hesabında bəyan edib:
“İlonun bizə qarşı fəaliyyəti qeyri-etik taktikalardır, bu, "OpenAI"nin inkişafını ləngitmək və süni intellekt sahəsindəki liderlik mövqeyinə nəzarəti şəxsi mənfəət naminə ələ keçirmək cəhdidir.”

Xatırladaq ki, İlon Mask OpenAI-nin təsisçilərindən biri olub. O, 2024-cü ilin yazında şirkəti məhkəməyə verərək, "OpenAI"nin insanlıq naminə süni ümumi intellekt (AGI) inkişaf etdirmək missiyasından uzaqlaşaraq mənfəət dalınca getdiyini iddia etmişdi. Həmin iddia iyun ayında geri götürülsə də, avqustda yenidən təqdim olunub. Məhkəmə baxışı 2026-cı ilin yazına təyin edilib.

2025-ci ilin fevralında İlon Mask OpenAI-ni satın almaq üçün 97,4 milyard dollar dəyərində təklif irəli sürüb və bildirib ki, “şirkətin ilkin açıq mənbə ideologiyasına qayıtma zamanı gəlib”. Lakin OpenAI bu təklifi rədd edib.

Bu hadisə süni intellekt sahəsindəki innovasiya uğrunda mübarizənin nə qədər kəskin olduğunu və texnologiya nəhəngləri arasında yaranan gərgin rəqabəti bir daha göstərir.

© copyright 2022 | tech.az | info@tech.az