"Süni intellektli üzükləri" ilə tanınan Oura startapı, "E" seriyalı investisiya raundunu bu ayın sonuna qədər başa çatdırmağa hazırlaşır. Bloomberg-in mənbələrinə görə, startap təxminən 875 milyon dollar vəsait toplamağı planlaşdırır ki, bu da onun dəyərini təxminən 10,9 milyard dollara yüksəldəcək.
Bu yeni qiymətləndirmə, startapın dəyərinin cəmi bir il ərzində iki dəfə artdığını göstərir. 2024-cü ilin dekabrında Oura 200 milyon dollar investisiya cəlb edərkən dəyəri 5,2 milyard dollar olaraq qiymətləndirilmişdi. Startap əldə etdiyi yeni vəsaiti istehsalı genişləndirmək, beynəlxalq bazarlara çıxışını artırmaq və məhsulun inkişafına investisiya qoymağı planlaşdırır.
Oura-nın baş direktoru Tom Hale investisiya ilə bağlı şərh verməkdən imtina etsə də, startapın uğurları barədə bəzi rəqəmləri açıqlayıb. Onun sözlərinə görə, Oura indiyə qədər 5,5 milyon ədəd üzük satıb. 2025-ci ilin sonuna qədər startapın gəlirlərinin 1 milyard dolları keçəcəyi gözlənilir.
Bu artan investisiya və satış göstəriciləri, geyilə bilən texnologiyalar bazasında ağıllı üzüklərə olan marağın getdikcə daha da artdığını təsdiqləyir. Oura özünün ən son modeli olan Oura Ring 4-ü 2024-cü ildə təqdim edib və gələcəkdə hər il yeni modellər çıxarmağı hədəfləyir.