Səudiyyə Ərəbistanının DataVolt şirkəti 2026-cı ilin sonuna qədər IT Park Özbəkistan ərazisində 12 MВт gücündə data mərkəzi açmağı planlaşdırır. Layihənin dəyəri 150 milyon dollar təşkil edir.
DataVolt-un strateji layihələr üzrə rəhbəri Abhay Twari bildirib ki, bu data mərkəzi Mərkəzi Asiyada süni intellekt texnologiyalarına əsaslanan ilk məlumat bazası olacaq və LEED Gold sertifikatına sahib olacaq, beynəlxalq “yaşıl” standartlara cavab verəcək.
Twari layihənin Özbəkistanın regional data mərkəzi statusunu gücləndirəcəyini və Google, Microsoft, Meta və Amazon kimi texnoloji nəhəngləri cəlb edəcəyini qeyd edib. Layihə həmçinin rəqəmsal iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına və innovasiya ilə sahibkarlığın təşviqinə töhfə verəcək. Yerli şirkətlərin də layihədə fəal iştirakı nəzərdə tutulub.
DataVolt gələcək mərhələlərdə Özbəkistana əlavə olaraq 3 milyard dollar sərmayə qoymağı və data mərkəzlərinin ümumi gücünü 500 MВт-a çatdırmağı planlaşdırır. Şirkətin icraçı direktoru Rajit Nanda isə Yeni Təbriz və Buxarada 210 MВт gücündə müasir data mərkəzləri tikməyi planlaşdırdıqlarını açıqlayıb.
Bundan əlavə, Səudiyyə şirkəti Özbəkistanı Xəzər dənizinin dibi ilə keçən optik fiber xətti ilə birləşdirmək üzərində işləyir; bu xətt Qazaxıstan və Azərbaycan vasitəsilə keçəcək. Özbəkistanın 2026-cı ildə superkompüterlərin alınması üçün 100 milyon dollar ayırması da planlaşdırılır.