Az | EN

Özbəkistan Mərkəzi Bankı 50 milyon dollarlıq vençur fond qurur

Cəmil Hüseynzadə
28 Noyabr 2025 10:39
506 baxış
Özbəkistan Mərkəzi Bankı 50 milyon dollarlıq vençur fond qurur

Özbəkistanda maliyyə texnologiyaları sektorunun inkişafı ilə bağlı yeni addımlar atılır. Noyabrın 27-də “Özbəkistanda maliyyə texnologiyaları sahəsini daha da inkişaf etdirmək tədbirləri haqqında” prezident qərarı təsdiqlənib.

Sənədə əsasən, 2026–2030-cu illər üzrə fintex sahəsinin inkişaf hədəfləri müəyyənləşdirilib. Bu çərçivədə maliyyə texnologiyaları üzrə startaplara 1 milyard dollarlıq xarici investisiya cəlb olunması, həmçinin bazar iştirakçılarının sayının ən azı 200-ə çatdırılması nəzərdə tutulur.

Qərara əsasən, Mərkəzi Bank nəzdində kapitalı 50 milyon dollara bərabər olacaq vençur fondu yaradılacaq. Fondun əsas vəzifəsi startapların maliyyələşdirilməsi olacaq.

Bundan əlavə, maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən startaplar üçün innovasiya mərkəzi təşkil ediləcək. 2026-cı ildən etibarən mərkəzin iştirakçılarına fintech sahəsi üzrə təhsil və sertifikasiya xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Bu dəstək xərclərin 50 faizinə qədər, lakin maksimum 20 min dollar həcmində veriləcək.

Mərkəzi Bank 2026-cı ildən başlayaraq hər il maliyyə texnologiyalarına həsr olunmuş beynəlxalq forumlar da keçirəcək.

Qeyd edək ki, sentyabr ayında Prezident Şavkat Mirziyoyev fintex ekosisteminin inkişafı ilə bağlı təqdimat zamanı startap akselerasiyasının gücləndirilməsi və yeni ideyaların dəstəklənməsi üçün innovasiya mərkəzinin yaradılması təklifini dəstəkləmişdi.

Xatırladaq ki, bundan əvvəl turizm sahəsində fəaliyyət göstərən bəzi startapların xərclərinin 50 faizinin subsidiya vasitəsilə qarşılanacağı barədə məlumat verilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az