Özbəkistan əsaslı iki startap Humanola və CoRun.ai ABŞ-də ümumilikdə 6 milyon dollar investisiya alıblar. Bu barədə Özbəkistan Prezident Administrasiyasının maliyyə texnologiyaları, süni intellekt və rəqəmsallaşma departamenti rəhbərinin müavini Hikmatilla Ubaydullayev məlumat verib. Humanola robototexnika sahəsində fəaliyyət göstərən startapını inkişaf etdirmək üçün 2,5 milyon dollar yatırım alıb. İnvestisiya raundunda Link Ventures, Bad Ideas Fund, Georgia Tech Fund və Express24 ilə Numeo AI-nin təsisçisi Akmal Payziyev iştirak edib. Startap insanabənzər (humanoid) robotların uzaqdan idarə olunması üçün həllər hazırlayır. Bu texnologiya sənaye, tibb, logistika və yüksək riskli işlərdə tətbiq oluna bilər. Humanola komandasını genişləndirməyi, platformanın inkişafını sürətləndirməyi və həllini yeni sahələrə yaymağı planlaşdırır. Ubaydullayev bildirib ki, bu sahədə rəqabət çox yüksəkdir və məhz buna görə ABŞ-də özbək köklərinə sahib belə bir layihənin diqqət çəkməsi xüsusi əhəmiyyət daşıyır. Digər startap CoRun.ai isə 3,5 milyon dollar investisiya cəlb edib. Startapın dəyəri bu raunddan sonra 17,5 milyon dollar qiymətləndirilib. Həmtəsisçi Nodir Ruzmatovun sözlərinə görə, vəsait süni intellektin təhlükəsizliyinin artırılmasına, xərclərin optimallaşdırılmasına, analitika və proqnozlaşdırma sistemlərinin təkmilləşdirilməsinə, həmçinin Sİ əsaslı sığorta modellərinin yaradılmasına sərf olunacaq. CoRun.ai platforması Almaniyada özbəkistanlı mühəndislər tərəfindən hazırlanıb və hazırda ABŞ bazarına inkişaf etdirilir. Ruzmatov startapın missiyasını belə xarakterizə edib: “Biz avtomobil parkı ilə bağlı məlumatları ölçülə bilən maliyyə nəticələrinə çeviririk. Operativ məlumatları daha təhlükəsiz həllərə, ağıllı səmərəliliyə və yüksək gəlirliliyə yönəldirik.” Ubaydullayev bildirib ki, özbəkistanlı startapların daha tez-tez beynəlxalq arenaya çıxması, onların investorlarla tanış edilməsi vacibdir. Onun sözlərinə görə, Silikon Vadisinə çıxış əldə edən startapçılar yalnız vəsait deyil, həm də “təcrübə, əlaqələr və yeni düşüncə tərzi” qazanırlar.
