Özbəkistan və Serbiya iki ölkənin startap ekosistemini gücləndirmək məqsədilə birgə vençur fondu və İT müəssisəsi yaratmağı planlaşdırır. Bu barədə IT Park Uzbekistan-ın mətbuat xidməti məlumat yayıb.
Tərəflər 1 milyon dollarlıq birgə vençur proqramının işə salınmasını nəzərdən keçirirlər. Bu fondun vəsaitləri Avropa bazarına çıxmaq istəyən özbək startaplarına və Mərkəzi Asiya bazarına maraq göstərən serb layihələrinə dəstək üçün yönəldiləcək.
Vençur fondunun məqsədi iki ölkə arasında innovasiya əməkdaşlığını gücləndirmək, gənc sahibkarlar üçün investisiya imkanlarını artırmaq və beynəlxalq texnoloji layihələrin inkişafını sürətləndirməkdir.
Bundan əlavə, IT Park Uzbekistan, Uzinfocom və Serbiya nümayəndə heyəti Serbiyada birgə İT müəssisəsinin yaradılması barədə razılığa gəlib. Yeni müəssisə texnoloji layihələrin, o cümlədən Palm ID sisteminin tətbiqini nəzərdə tutur.
29 oktyabrda Serbiya Prezidenti Aleksandr Vuçiç və Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov IT Park Uzbekistan-ı ziyarət ediblər. Qonaqlara UniconSoft, Didox (Venkon) və Kpi.com kimi rezident şirkətlərin texnoloji həlləri, eləcə də “Uzbəkkosmos” agentliyinin uzaqdan monitorinq üzrə layihələri təqdim olunub.
Müzakirələrdə həmçinin İT-autsorsinq, KPO xidmətləri, birgə təhsil və akselerasiya proqramlarının inkişafı, beynəlxalq akseleratorlar və vençur fondları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Özbəkistan Palm ID sisteminin Serbiyada tətbiqi üçün server infrastrukturu yaratmağa və mühəndisləri işə cəlb etməyə hazır olduğunu bildirib. Serbiya tərəfi isə texnologiyaların yerli bazarda tətbiqinə və Avropa İttifaqı bazarına çıxarılmasına dəstək verəcəyini bəyan edib.
Həmin gün – 29 oktyabrda – Prezident Şavkat Mirziyoyev və Prezident Aleksandr Vuçiç əmək miqrasiyası, turizm, tibb xidmətləri, süni intellekt və investisiyaların qorunması sahələrində əməkdaşlıq üzrə bir sıra sazişlər imzalayıblar.
Xatırladaq ki, Özbəkistan bundan öncə süni intellekt layihələrinin maliyyələşdirilməsi üçün əlavə 100 milyon dollar ayıracağını açıqlamışdı.
