Az | EN

Özbəkistanda ilin sonuna qədər hökumətə məxsus süni intellekt portalı istifadəyə veriləcək

Cəmil Hüseynzadə
27 Oktyabr 2025 11:22
56 baxış
Özbəkistanda ilin sonuna qədər hökumətə məxsus süni intellekt portalı istifadəyə veriləcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə süni intellekt (Sİ) texnologiyalarının inkişafını sürətləndirmək məqsədilə fərman imzalayıb. Sənədə əsasən, 2026-cı ilə qədər dövlət idarəçiliyi, sosial sahə və iqtisadiyyat üzrə ən azı 100 yeni Sİ təşəbbüsü həyata keçiriləcək, həmçinin universitetlərdə 15 Sİ laboratoriyası yaradılacaq.

Prezidentin göstərişinə əsasən, bu ilin sonuna qədər hökmətə məxsus süni intellekt portalı — ai.gov.uz istifadəyə veriləcək. Portalda Sİ layihələri, startaplar və ödənişsiz onlayn tədris proqramları barədə məlumat yer alacaq.

Bundan başqa, 2030-cu ilə qədər süni intellekt infrastrukturu üçün 1 milyard dollardan çox xarici investisiya cəlb edilməsi hədəflənir.

2026-cı ildən etibarən dövlət qurumları arasında ən yaxşı Sİ layihələri üzrə müsabiqə keçiriləcək, həmçinin hər il “President AI Award” adlı beynəlxalq startap yarışı təşkil olunacaq. Müsabiqənin mükafat fondu 1 milyon dollar olacaq.

Mirziyoyev, həmçinin, özbək dili üçün milli Sİ modeli yaratmağı və dövlət qurumlarının bütün məlumat bazalarını vahid data mərkəzinə toplamağı tapşırıb. Xarici ekspertlər Özbəkistanın süni intellekt potensialını 10 milyard dollar həcmində qiymətləndirirlər.

© copyright 2022 | tech.az | info@tech.az