Az | EN

Özbəkistanda süni intellektdən sui-istifadəyə görə cərimələr tətbiq olunacaq

Cəmil Hüseynzadə
02 Noyabr 2025 22:53
60 baxış
Özbəkistanda süni intellektdən sui-istifadəyə görə cərimələr tətbiq olunacaq

Özbəkistan süni intellektdən (Sİ) istifadəyə dair yeni hüquqi çərçivə yaradır. Ölkədə Sİ-dən qanunsuz istifadə edənlər üçün inzibati cərimə və həbs cəzası nəzərdə tutulur.
Özbəkistan Oliy Məclisinin Senatı süni intellektin tətbiqinə dair yeni qanun layihəsini təsdiqləyib. Sənəd ilk dəfə olaraq Sİ-dən sui-istifadəyə görə məsuliyyəti müəyyənləşdirir. Qaydalara əsasən, süni intellektin tətbiq qaydalarını pozan vətəndaşlar və şirkətlər 15 sutkayadək inzibati həbs və 50–100 baza hesab vahidi (bir neçə yüz dollar ekvivalentində) məbləğində cərimə ilə üzləşə biləcəklər. Həmçinin pozuntu zamanı istifadə olunan avadanlıq müsadirə ediləcək.
Qanun “İnformasiya texnologiyaları haqqında” sənədə dəyişikliklər şəklində qəbul olunub və ilk dəfə olaraq “süni intellekt” anlayışının rəsmi tərifini, onun tətbiq sahələrini və şəxsi məlumatların qorunması mexanizmlərini müəyyən edir.
Yeni qanuna əsasən, insan hüquqlarına təsir edən qərarlar yalnız süni intellektin deyil, insan iştirakı ilə qəbul edilməlidir. Dövlət qurumları, banklar və şirkətlər qərarların məsuliyyətini süni intellektə yönəldə bilməzlər.
Həmçinin, neyron şəbəkələr vasitəsilə yaradılan bütün şəkillər, videolar, mətnlər və musiqilər “AI ilə yaradılıb” kimi işarələnməlidir. Məqsəd saxta xəbərlər və “deepfake” materialların qarşısını almaqdır.
Qanun layihəsində vurğulanır: “Texnologiyalar insanın hüquqlarını, həyatını, sağlamlığını və ləyaqətini pozmamalıdır.”
Sənəd prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Hökumətə süni intellektin etik standartlarını və dövlət, eləcə də kommersiya sektorunda tətbiq qaydalarını hazırlamaq tapşırılıb. Bu addım Özbəkistanı Mərkəzi Asiyada süni intellektin hüquqi tənzimlənməsi sahəsində öncül ölkələrdən birinə çevirəcək.

© copyright 2022 | tech.az | info@tech.az