Az | EN

Özbəkistanda xaricdən gələn fırıldaqçı zənglərin bloklanması sistemi istifadəyə verilib

Cəmil Hüseynzadə
23 Oktyabr 2025 12:00
37 baxış
Özbəkistanda xaricdən gələn fırıldaqçı zənglərin bloklanması sistemi istifadəyə verilib

Özbəkistanda xaricdən gələn fırıldaqçı zənglərin qarşısını almaq üçün yeni bloklama sistemi işə salınıb. Məlumatı ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Oktyabr ayında Beeline Uzbekistan, Mobiuz və Ucell operatorları anti-spoofing (saxta nömrələrdən qoruma) texnologiyasını istifadəyə verdiklərini açıqlayıblar. Bu sistem saxta nömrələr vasitəsilə edilən zənglərin qarşısını alır, istifadəçiləri telefon fırıldaqçılığından və şəxsi məlumatların oğurlanmasından qoruyur. Operatorların məlumatına görə, yeni funksiya bütün abunəçilər üçün pulsuz aktivləşdirilib və əlavə proqram quraşdırmaq tələb etmir.

Sistem zənglərin nömrəsini yoxlayır: əgər xaricdən edilən zəng +998 prefiksi ilə yerli nömrə kimi təqdim olunursa, lakin real abunəçiyə aid deyilsə, belə zənglər avtomatik bloklanır.

Beeline şirkətinin açıqlamasına görə, fırıldaqçılar iki əsas sxem üzrə fəaliyyət göstərirlər:

  • xaricdən zəng edərək özlərini yerli nömrə kimi göstərmək;
  • rouminqdə olan yerli nömrə adı ilə zəng etmək. Sistem bu hallarda nömrənin yerləşdiyi şəbəkəni real vaxtda yoxlayır və uyğunsuzluq aşkarlanarsa, zəngi bloklayır.

“Uztelecom” isə bildirir ki, anti-spoofing texnologiyasını abonentlərin telefon fırıldaqçılığından və nömrələrin icazəsiz istifadəsindən qorunması məqsədilə bu ilin iyul ayından tətbiq etməyə başlayıb.

Qeyd edək ki, bundan əvvəl Özbəkistanda bir sıra biznes subyektlərinə Ədliyyə Nazirliyi adından saxta məktublar göndərilməsi halları barədə də məlumat verilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az