Az | EN

Özbəkistanda zəlzələlər süni intellektlə proqnozlaşdırılacaq

Cəmil Hüseynzadə
23 Oktyabr 2025 12:17
38 baxış
Özbəkistanda zəlzələlər süni intellektlə proqnozlaşdırılacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 20 oktyabr tarixində seysmik təhlükəsizlik və seysmologiyanın inkişafı üzrə tədbirləri təsdiqləyib. 

2026-cı il yanvarın 1-dən tarixi və mədəni irs obyektlərində seysmik dayanıqlığın monitorinqi təşkil ediləcək. İlk mərhələdə Səmərqənddəki Registan, Buxarada Ark və Xivada Içan-Qala kimi turizm potensialı yüksək obyektlər əhatə olunacaq.

Mart ayından etibarən avtomobil və dəmir yolu körpüləri, yeraltı və yerüstü tunellərdə onlayn seysmik monitorinq tətbiq ediləcək. Məlumatlar əsasında məsul təşkilatlar obyektlərin zəif yerlərində yoxlamalar aparacaq.

Müşahidələr Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnostik Monitorinq Mərkəzi tərəfindən aparılacaq. Mədəni irs obyektlərində məlumatlar Mədəni İrs Agentliyi platforması, nəqliyyat obyektlərində isə TransportSeysmika xidməti vasitəsilə toplanacaq.

Dağlıq sahələrdə A-373 və M-39 avtomobil yollarında sürüşmə riski yüksək olan ərazilər üçün radarlı kosmik monitorinq təşkil ediləcək. Məlumatlar Uzbekcosmos tərəfindən Fövqəladə Hallar, Geologiya, Nəqliyyat və Meteorologiya xidmətlərinə ötürüləcək.

Özbəkistanda həmçinin onlayn seysmoloji platforma yaradılacaq və “Şəffaf Tikinti” sistemi ilə inteqrasiya ediləcək. Platformada rəqəmsal formada təqdim olunacaq:

  • mümkün zəlzələlərin regional akselerogram bazaları;
  • seysmik zonalaşdırma xəritələri, rayon və şəhər mərkəzlərinin mikrozonalaşdırma xəritələri;
  • aktiv tektonik çatların xəritələri.

Seysmoaktiv zonalarda yeni binalar və infrastruktur obyektləri seysmik göstəricilər nəzərə alınaraq layihələndiriləcək. Bu məlumatlar həmçinin şəhərsalma ekspertizası üçün əsas təşkil edəcək.

2026-cı ilin yanvarından orta və uzunmüddətli seysmoaktivlik proqnozları süni intellekt vasitəsilə hazırlanacaq, ilkin olaraq Təşkənddə tətbiq olunacaq. Mart ayından isə binaların seysmik dayanıqlığının texniki vəziyyəti süni intellekt ilə analiz ediləcək və böyük məlumatlar əsasında zəlzələ riski olan ərazilər müəyyən ediləcək.

Yeraltı tikililər üçün 10, 20 və 30 metr dərinlikdə mühəndis-geoloji və seysmoloji göstəricilər hazırlanacaq və rəqəmsal seysmik intensivlik xəritələrinə çevriləcək. Rayon və şəhər mərkəzlərində isə torpağın seysmik izolyasiyası üzrə tədqiqatlar və mühəndis hazırlıq işləri aparılacaq. Nəticələrə əsasən seysmik davamlı binaların tikintisi üçün normativ-texniki sənəd hazırlanacaq.

Qeyd edək ki, bundan əvvəl hökumət “Çorsu” mehmanxanası ərazisində layihə sənədləri tamamlanmadan hazırlıq işlərinə başlamağa icazə vermişdi.

© copyright 2022 | tech.az | info@tech.az