2025-ci ilin avqustunda startapın dəyəri 1,5 milyard dollar səviyyəsində qiymətləndirilib
Özbəkistanın ən uğurlu texnoloji startaplarından biri olan Uzum, beynəlxalq kapitallaşma bazarına çıxmaq üçün hazırlıqlara başlayıb. Şirkətin həmtəsisçisi Nikolay Seleznyov “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Uzum London Fond Birjasında (LSE) ilkin səhmlərin yerləşdirilməsi (IPO) imkanlarını nəzərdən keçirir.
Onun sözlərinə görə, həmçinin Nasdaq (ABŞ), Əbu-Dabi və Honkonq birjaları da potensial alternativlər sırasındadır. IPO-nun 2027-ci ildə reallaşması gözlənilir.
Seleznyov qeyd edib ki, hədəf qiymətləndirmə barədə danışmaq hələ tezdir, lakin Uzum London birjasında listinqə çıxarsa, şirkət FTSE 100 indeksinə daxil olmağı məqsəd qoyacaq. FTSE 100, LSE-də ticarət olunan ən iri 100 şirkətin bazar dəyərini izləyən əsas göstəricidir.
Uzum 2022-ci ildə “KupiKupon” platformasının həmtəsisçisi Cəsur Cumaev və tərəfdaşları tərəfindən yaradılıb. Startap hazırda rəqəmsal ekosistem kimi fəaliyyət göstərir və bir neçə əsas xidməti birləşdirir:
- Uzum Market – onlayn ticarət platforması,
- Uzum Tezkor – ekspress çatdırılma xidməti,
- KapitalBank və Uzum Bank,
- Uzum Nasiya – hissə-hissə ödəniş sistemi,
- Uzum Business – KOB-lar üçün alət və xidmətlər,
- Uzum Avto – avtomobil alqı-satqısı platforması.
Startapın məlumatına əsasən, Uzum-un xidmətlərindən ayda 17 milyon istifadəçi yararlanır. 2025-ci ilin avqustunda şirkət 65,5 milyon dollar investisiya cəlb edib. Raunda Tencent (Çin) və VR Capital (London və Nyu-York mərkəzli fond) rəhbərlik edib.