Az | EN

Qazaxıstan süni intellekti tənzimləyən qanun qəbul edib

Cəmil Hüseynzadə
26 Sentyabr 2025 10:53
308 baxış
Qazaxıstan süni intellekti tənzimləyən qanun qəbul edib

Qazaxıstan parlamentinin aşağı palatası – Məclisdə ölkə tarixində ilk dəfə süni intellekt (Sİ) sahəsini tənzimləyən qanun təsdiqlənib. Yeni sənəd təhlükəsizlik, etik prinsiplər və rəqəmsal innovasiyaların dəstəklənməsi ilə bağlı müddəaları özündə birləşdirir.

Məclis sədri Erlan Koşanovun sözlərinə görə, qanunun əsas məqsədi vətəndaşların hüquqlarını qorumaq, Sİ sistemlərinə nəzarəti təmin etmək və milli platformanın inkişafına şərait yaratmaqdır:

“Qanunda risklərin qiymətləndirilməsi, insan hüquqlarının və şəxsi məlumatların müdafiəsi əsas prinsip kimi müəyyən olunub. Süni intellekt texnologiyaları cəmiyyətə xidmət etməli, insan üçün təhlükəsiz qalmalıdır. Buna görə də qanun sistemləri risk səviyyəsinə görə qruplaşdırır”.

Qanun çərçivəsində insan davranışına təsir göstərən, emosional və psixoloji zəifliklərdən sui-istifadə edən texnologiyalar qadağan edilir. Yüksək riskli Sİ sistemləri isə xüsusi nəzarət rejimində fəaliyyət göstərəcək.

Bununla yanaşı, dövlət səviyyəsində süni intellekt üzrə milli platformanın yaradılmasına start veriləcək. Bu platforma startaplardan tutmuş iri şirkətlərə qədər bütün iştirakçılar üçün texnoloji imkanlara bərabər çıxış imkanı yaradacaq.

Qanunun vacib elementlərindən biri də istifadəçilərin məlumatlandırılması hüququdur: vətəndaşlar süni intellektlə yaradılmış kontentlə qarşılaşdıqlarını bilməlidirlər. Həmçinin, müəllif hüquqlarının qorunması ilə bağlı müddəalar da sənəddə öz əksini tapıb.

Erlan Koşanov qeyd edib ki, yeni qanun ölkədə innovasiyaların inkişafı, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğun müasir texnoloji həllərin tətbiqi üçün zəmin yaradacaq.

Prezident Kasım-Jomart Tokayev də süni intellekti ölkə üçün prioritet istiqamət adlandıraraq, Qazaxıstanın Avrasiya regionunda rəqəmsal mərkəzə çevrilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısının tapşırığı ilə yaxın vaxtlarda süni intellekt və rəqəmsal inkişaf üzrə ayrıca nazirlik yaradılıb.

© copyright 2022 | tech.az | info@tech.az