Az | EN

Qazaxıstan vətəndaşları məlumat sızmalarını "eGov Mobile"da yoxlaya bilir

Cəmil Hüseynzadə
06 May 2025 10:13
56 baxış
Qazaxıstan vətəndaşları məlumat sızmalarını "eGov Mobile"da yoxlaya bilir

Qazaxıstanın “Milli İnformasiya Texnologiyaları” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumata görə, eGov Mobile mobil tətbiqinin istifadəçiləri artıq “Nomad Guard” adlı yeni xidmət vasitəsilə şəxsi məlumatlarının təhlükəsizliyini yoxlaya bilərlər.

Yeni xidmət istifadəçilərə həm konkret keçidlərin, həm də tez-tez ziyarət etdikləri vebsaytların təhlükəsizliyini qiymətləndirməyə imkan verir. Bunun üçün sadəcə sayta keçidi və ya ünvanı müvafiq xanaya daxil edib “Yoxla” düyməsini basmaq kifayətdir. Yoxlama nəticələri bir qədər vaxt ala bilər və nəticəni “Mənim yoxlamalarım” bölməsində izləmək mümkündür. Xidmətin əsas səhifəsində istifadəçinin məlumatlarının sızdığı saytlar və sızan məlumatların həcmi barədə məlumat təqdim olunur. Həcmin üzərinə kliklədikdə ətraflı siyahı da açılır.

Bundan əlavə, “Fırıldaqçılıq” adlı ayrıca bölmə də mövcuddur. Burada istifadəçilər şübhəli hallar barədə xüsusi forma dolduraraq məlumat verə bilərlər.

Xidmətdən istifadə üçün addımlar:

  • eGov Mobile tətbiqinə daxil olun və “Digər xidmətlər” bölməsinə keçin
  • “Yoxla” düyməsini seçin
  • Keçidi daxil edib “Göndər” düyməsini basın

Nəticəni “Mənim yoxlamalarım” bölməsində izləyin

“Əlavə” bölməsində istifadəçilər “Xəbərlər”, “Təlimlər” və “Testlər” kimi əlavə məlumatlara da çıxış əldə edə bilərlər.

Tətbiqdə keçirilən son onlayn sorğunun nəticələrinə əsasən, istifadəçilərin 53%-i şəxsi məlumatlarının internetə sızması halında hara müraciət edəcəyini bilmədiyini etiraf edib. Sorğuda 50 min nəfər iştirak edib. Yalnız 18% istifadəçi belə vəziyyətdə necə davranacağını bildiyini qeyd edib. 62%-dən çox istifadəçi isə fişinq (saxta) keçidlərin nə olduğunu anlamadığını bildirib. Hər beş nəfərdən yalnız biri bu tip keçidləri ayırd edə bildiyini deyib.

Digər diqqətçəkən nəticələr:

  • 92% istifadəçi SMS-lə gələn kodları “bank əməkdaşlarına” vermədiyini desə də, 8% hələ də bu səhvi edə bilər
  • 31% heç vaxt parol dəyişmir, 51% isə yalnız problem olduqda bunu edir
  • İstifadəçilərin yarıdan çoxu şübhəli mesajlarla qarşılaşdığını qeyd edib

Bu nəticələr göstərir ki, istifadəçilər tez-tez internet fırıldaqları ilə qarşılaşsalar da, rəqəmsal savadlılıq səviyyəsi hələ də kifayət qədər deyil. Bu isə Nomad Guard kimi xidmətlərin istifadəyə verilməsinin vacibliyini bir daha sübut edir.

Qeyd edək ki, bu yaxınlarda sürücülük vəsiqəsinin müddət bitməsi, itməsi və ya şəxsi məlumatların dəyişməsi hallarında eGov Mobile tətbiqində onlayn şəkildə yenilənməsi mümkün olub. Eyni zamanda, Qazaxıstanda şəxsiyyət vəsiqələrinin də onlayn verilməsi üzrə pilot layihənin hazırlanması planlaşdırılır. Sürücülər üçün 073/y tipli tibbi arayış da artıq tətbiq vasitəsilə əldə oluna bilir.

Hazırda Qazaxıstanda eGov Mobile tətbiqinin istifadəçi sayı 10 milyona çatır.

© copyright 2022 | tech.az | info@tech.az