Qazaxıstanın Su resursları və irriqasiya naziri Nurcan Nurjigitov Almatıda yerləşən 79 nömrəli gimnaziyanın şagirdi, gənc ixtiraçı Dana Qadırbeklə görüşüb.
10-cu sinif şagirdi müasir nanomateriallardan istifadə edərək atmosferdən su toplayan və elektrik enerjisinə ehtiyac duymayan innovativ qurğu hazırlayıb. Bu texnologiya havadakı nəmlikdən səmərəli şəkildə su əldə etməyə, kondensasiyanı isə əlavə enerji mənbəyi olmadan təmin etməyə imkan verir. Qurğunun əsas üstünlüyü – hətta rütubəti az olan ərazilərdə də işləməsi və gün enerjisindən yararlanmasıdır.
Görüşün nəticəsi olaraq nazirlik və gənc ixtiraçı qurğunun işini birlikdə təhlil etmək, pilot sınaqlar aparmaq, məlumat mübadiləsi həyata keçirmək və texnologiyanın geniş tətbiq imkanlarını araşdırmaq məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.
Nazir layihənin pilot mərhələdə həyata keçirilməsi üçün geniş dəstək göstərilməsi barədə tapşırıq verib, Danaya isə təşəkkür məktubu və hədiyyə təqdim edib.
“Gənclərin suyun qənaətli istifadəsinə yönəlmiş elmi layihələr hazırlaması sevindirici haldır. Bu qurğu xüsusilə su çatışmazlığı olan bölgələr üçün çox vacib həll ola bilər. Nanomateriallar və gün enerjisindən istifadə onu yaşıl innovasiyanın önəmli istiqamətlərindən birinə çevirir”, – deyə Nurjigitov bildirib.
