Az | EN

Qazaxıstanda şagirdlərin dərsdə telefondan istifadəsinə görə valideynlər cərimələnəcək

Cəmil Hüseynzadə
03 Noyabr 2025 11:43
42 baxış
Qazaxıstanda şagirdlərin dərsdə telefondan istifadəsinə görə valideynlər cərimələnəcək

Qazaxıstanda bəzi şagirdlərin valideynlərinə cərimə tətbiq oluna bilər. Buna səbəb məktəblərdə dərs zamanı mobil telefonlardan istifadə qaydalarının pozulmasıdır.

Hazırda Qazaxıstan məktəblərində dərs prosesində mobil telefonlardan istifadə rəsmi şəkildə qadağandır. Qanuna əsasən, şagirdlər dərs zamanı telefondan istifadə edə bilməz — nə mesajlaşmaq, nə oyun oynamaq, nə də video çəkmək icazəlidir.

Hüquqşünasların açıqlamasına görə, müəllimlər şagirdlərin telefonlarını müsadirə edə bilməz, lakin qayda pozuntusu baş verdikdə məktəb rəhbərliyinə və polisə məlumat verməyə borcludurlar.

Qanunvericiliyə əsasən, məsuliyyət birbaşa valideynlərin üzərinə düşür. Əgər uşaq mütəmadi olaraq qaydanı pozursa, valideynlərə qarşı inzibati tədbir görülə bilər. İlk pozuntu zamanı xəbərdarlıq edilir, təkrar hal baş verərsə, təxminən 19 660 tenge (təqribən 70 AZN) məbləğində cərimə tətbiq olunur.

Rəsmi qurumlar bildirir ki, bu qadağa dərslərdə nizam-intizamı qorumaq və tədrisin keyfiyyətini artırmaq məqsədi daşıyır. Müəllimlər valideynlərə uşaqlarına qaydaları əvvəlcədən izah etməyi və təcili hallarda əlaqə üsulunu əvvəlcədən müəyyənləşdirməyi tövsiyə edirlər.

© copyright 2022 | tech.az | info@tech.az