Qazaxıstan vətəndaşları süni intellekt texnologiyalarına daha geniş çıxış əldə edəcəklər – Perplexity Pro platformasına bir illik pulsuz abunə təqdim olunacaq. Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, “Qazaxtelekom” ASC və Perplexity AI, Inc. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin məqsədi ölkə vətəndaşlarına müasir süni intellekt alətlərindən təhsil, tədqiqat və peşəkar fəaliyyət üçün sərbəst şəkildə yararlanmaq imkanı verməkdir.
Nazirliyin məlumatına görə, razılaşma həmçinin Alem.AI bazasında elmi-tədqiqat (R&D) layihələrinin dəstəklənməsini və Qazaxıstanda data-mərkəzlərin inkişafını da nəzərdə tutur.
Baş nazirin müavini və Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev bildirib:
“Bu saziş milyonlarla qazaxıstanlının güclü süni intellekt texnologiyalarına çıxışını təmin edəcək. Biz bilik, innovasiya və texnologiyaların hər bir vətəndaşa yaxın olduğu rəqəmsal ekosistem yaradırıq.”
Perplexity AI şirkətinin qlobal məsələlər üzrə vitse-prezidenti və texniki direktorun müavini Cerri Ma isə qeyd edib:
“Qazaxıstan qabaqcıl Sİ modellərini qlobal biliklərlə birləşdirməyin əhəmiyyətini düzgün qiymətləndirib. Bu əməkdaşlıq süni intellektin gündəlik həyata inteqrasiyasını sürətləndirəcək.”
Nazirlik əlavə edib ki, memorandumun təşəbbüskarı və koordinatoru Astana IT University olub. Universitetin açıqlamasında vurğulanıb ki, bu əməkdaşlıq təhsil və elmi tədqiqatlarda generativ İA texnologiyalarının tətbiqinə, həmçinin beynəlxalq akademik əlaqələrin genişlənməsinə təkan verəcək.
“Perplexity AI ilə əməkdaşlıq tələbə və müəllimlər üçün yeni rəqəmsal bacarıqlar formalaşdırmaq və qlobal süni intellekt ekosisteminə inteqrasiya olunmaq baxımından mühüm addımdır,” – universitetin bəyanatında deyilir.
Perplexity haqqında
Perplexity – süni intellekt əsasında fəaliyyət göstərən axtarış və cavab sistemi olub, istifadəçilərə real vaxtda etibarlı mənbələrdən məlumat təqdim edir. Platforma tədqiqat aparmaq və analitik sorğular üçün geniş imkanlar yaradır. 2022-ci ildə yaradılan şirkət hər həftə dünya üzrə 150 milyondan çox suala cavab verir. Xidmət həm mobil tətbiq formasında, həm də perplexity.com saytında əlçatandır.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan OpenAI və Oracle şirkətləri ilə süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası istiqamətində əməkdaşlığa dair razılaşmalar imzalamışdı.
