Az | EN

"Nvidia"nın 1 milyardlıq süni intellekt çipləri qara bazar ticarəti ilə Çinə sızdırılıb

Nigar Sultanli
24 İyul 2025 16:42
120 baxış
"Nvidia"nın 1 milyardlıq süni intellekt çipləri qara bazar ticarəti ilə Çinə sızdırılıb

Trampın rəhbərliyi altında sərtləşdirilən ixrac nəzarətlərinə baxmayaraq, son üç ay ərzində Çinə azı 1 milyard dollar dəyərində Nvidia-nın qabaqcıl süni intellekt çipləri göndərilib. Financial Times-ın (FT) apardığı araşdırma göstərir ki, Vaşinqtonun texnologiya ixracına tətbiq etdiyi məhdudiyyətlər Pekinin yüksək texnologiyalı ambisiyalarının qarşısını almaqda yetərincə effektiv olmayıb.

FT-nin topladığı sənədlər və müqavilələr əsasında məlum olub ki, Nvidia B200 – ABŞ-də OpenAI, Google və Meta kimi şirkətlərin istifadə etdiyi qabaqcıl AI prosessoru – Çində qara bazarda ən çox tələb olunan məhsullardan birinə çevrilib. Bu çipin Çinə satışı ABŞ hökuməti tərəfindən tam qadağan olunub.

Qanunsuz Alqı-satqı Mexanizmi Necə İşləyir?

FT-nin əldə etdiyi sənədlər göstərir ki, Çinin Guangdong, Zhejiang və Anhui əyalətlərində fəaliyyət göstərən distribyutorlar, B200 ilə yanaşı, H100 və H200 kimi digər qadağan olunmuş Nvidia çiplərini data mərkəzlərinə qanunsuz şəkildə təqdim ediblər. Bu məhsullar Çinə gömrük rüsumları ödənilməklə rəsmən daxil olsa da, onların ABŞ-dən ixracı ABŞ qanunvericiliyinə ziddir.

Nvidia isə bu hadisələrlə əlaqəsi olmadığını bildirərək bəyan edib:

“Smugglə edilmiş məhsullardan istifadə etməklə data mərkəzi qurmaq texniki və iqtisadi baxımdan uğursuzluğa məhkumdur. Bu çiplər yalnız bizim rəsmi məhsullarımıza xidmət və dəstək verilir.”

Qara Bazarın Mərkəzində: “Dövrün Qapısı”

FT-nin məlumatına görə, “Gate of the Era” (Dövrün Qapısı) adlı Anhui mənşəli bir şirkət bu çiplərin əsas satışçılarından biridir. Şirkət 2024-cü ilin fevralında, ABŞ-ın Çinə ixracı məhdudlaşdıracağına dair xəbərlərin yayıldığı dövrdə təsis olunub.

Şirkət B200 çiplərini data mərkəzinə birbaşa qoşula biləcək rack-lar şəklində – hər biri 8 çip və lazımi avadanlıq daxil olmaqla – satır. Bu məhsulların qiyməti 3–3.5 milyon yuan (təxminən 489 min dollar) arasında dəyişir. ABŞ bazarı ilə müqayisədə bu, təxminən 50 faiz daha yüksək qiymətdir.

FT-nin araşdırmasına görə, “Gate of the Era” şirkəti son aylarda 400 milyon dollardan çox satış həyata keçirib.

Məhsulların Mənşəyi: Supermicro-nun Adı Hallanır

Araşdırmalar nəticəsində məlum olub ki, satılan rack-ların bir çoxu ABŞ mənşəli Supermicro şirkətinə məxsusdur. Supermicro isə bildirib ki, bütün ixrac nəzarət qaydalarına ciddi şəkildə əməl edir və məhsullarının Çinə qaçaq yollarla çatdırılmasından xəbərsizdir.

“Gate of the Era” şirkətinin əsas səhmdarı, “China Century” (Huajiyuan) adlanan və Şanxayda yerləşən süni intellekt həlləri təqdim edən şirkətdir. Şirkətin veb saytında AliCloud, ByteDance, Baidu Cloud kimi nəhəng texnologiya firmaları “tərəfdaş” kimi göstərilib. Lakin FT bu şirkətlərlə əlaqə saxladıqdan sonra ByteDance-ə məxsus Huoshan Cloud sayt siyahısından çıxarılıb.

China Century isə Nvidia məhsullarının alqı-satqısında iştirak etmədiyini bildirərək qeyd edib:

“Biz yalnız ağıllı şəhər layihələri ilə məşğuluq.”

Bu hadisə ABŞ-ın texnologiya ixracına dair məhdudiyyətlərinin real təsir imkanlarını sual altına alır. Sanksiyaların tətbiqi texnoloji qaçaqmalçılığı daha da gəlirli edir və qara bazar mexanizmlərinin qlobal səviyyədə nə qədər güclü işlədiyini nümayiş etdirir.

© copyright 2022 | tech.az | info@tech.az