Az | EN

Rus kriptobirjasında 2,5 milyard rubluq hesablar dondurulub

Nigar Sultanli
06 Mart 2025 16:04
147 baxış
Rus kriptobirjasında 2,5 milyard rubluq hesablar dondurulub

Tether şirkəti Rusiyanın Garantex kriptobirjasının cüzdanlarını dondurdu və nəticədə 2,5 milyard rubl məbləğində vəsaitin istifadəsi qeyri-mümkün oldu. Bunun ardınca Garantex platforması bütün əməliyyatları, o cümlədən kriptovalyuta çıxarışlarını müvəqqəti olaraq dayandırdığını elan etdi. Şirkət nümayəndələri bildiriblər ki, bu problemin həlli üzərində işləyirlər və mübarizədən imtina etməyəcəklər.

Bu hadisə Avropa İttifaqının Garantex-ə qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlıdır. Fevralın 24-də açıqlanan siyahıya əsasən, birjanın Rusiya bankları, xüsusilə də Sberbank, T-Bank və Alfa-Bank ilə sıx əlaqədə olduğu qeyd edilib. Garantex-in sanksiyalara məruz qalması ilk dəfə deyil. 2022-ci ilin aprel ayında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi birjanı qara siyahıya salmış və onu pul yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi.

Garantex-in kommunikasiyalar üzrə direktoru Yevgeniya Burova isə bu qərarın haqsız olduğunu və birjanın Rusiya qanunvericiliyinə tam uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, həmçinin ABŞ və Böyük Britaniya tərəfindən aparılan araşdırmalar zamanı Garantex-in iştirak etdiyi 20 milyard dollarlıq əməliyyatlarla bağlı ittihamları rədd edib.

Tether şirkətinin ABŞ hökuməti və hüquq-mühafizə orqanları ilə uzunmüddətli əməkdaşlığı mövcuddur. Şirkət sanksiyalara məruz qalan kriptovalyuta cüzdanlarını bloklamaqda fəal iştirak edir. Bundan əlavə, Tether ABŞ dövlət borcuna böyük yatırımlar edir və 2023-cü ilin son rübündə şirkətin Amerika xəzinə kağızlarına yatırdığı vəsait 80,3 milyard dollar olub.

Garantex nümayəndələri bildirirlər ki, Tether-in bloklama qərarı Rusiya kriptovalyuta bazarına ciddi təsir göstərə bilər. Əgər USDT istifadəçilər üçün riskli hala gələrsə, Rusiya bazarında bu stabilkoinin nüfuzu sürətlə aşağı düşəcək. Hazırda Rusiya kriptovalyuta sektorunda ciddi sanksiyalarla üzləşir və bu vəziyyət yerli birjalar və investorlar üçün böyük qeyri-müəyyənlik yaradır. Garantex rəhbərliyi isə problemi həll etməyə çalışdıqlarını bildirir.

© copyright 2022 | tech.az | info@tech.az