Tanışlıq xidməti Twinby Rusiyada və beynəlxalq bazarlarda fəaliyyətini genişləndirmək üçün 500 milyon rubl (4.7 milyon dollar) investisiya cəlb edib. İnvestorların kimliyi açıqlanmasa da, şirkət bu vəsaiti məhsulun təkmilləşdirilməsinə, MDB bazarlarında mövqelərinin gücləndirilməsinə, tərtibatçılar komandasının artırılmasına və beynəlxalq bazarlarda yeni ideyaların test edilməsinə sərf edəcəyini bildirib.
2023-cü ildə İqtisadiyyat Ali Məktəbinin məzunları Valeri Klimov və Veronika Yakovleva tərəfindən yaradılan Twinby, istifadəçilərə qeydiyyat zamanı psixoloji testlər təklif edir. Bu testlər əsasında istifadəçilərin uyğunluq faizini hesablayan alqoritmlər nəticəni profil lentində göstərir. Hər bir profil üçün münasibətlərin perspektivləri, ümumi və fərqli xüsusiyyətlər qeyd olunur.
Twinby-nin məlumatına görə, 2024-cü ilin dekabrına qədər platforma 7.5 milyondan çox yüklənib, aylıq aktiv istifadəçi sayı isə 1 milyondan çoxdur.
2023-cü ilin noyabrında Twinby 150 milyon rubl (1.4 milyon dollar) investisiya cəlb etmiş və o zaman şirkət 5 milyard rubl (47.2 milyon dollar) dəyərində qiymətləndirilmişdi. 2024-cü ilin yanvarında ödənişli abunə xidmətini istifadəyə verən Twinby, ilin sonuna qədər bu xidmətlə 500 milyon rubl (4.7 milyon dollar) gəlir əldə edib.
İnvestisiya raundunun bir hissəsində Twinby 28 milyon dollarlıq dəyərlə 1.5 milyon dollar cəlb edib. Şirkət hazırda beynəlxalq bazarları fəth etmək üçün yeni strategiyalar hazırlayır.