Böyük İT şirkətləri Rusiyada 2030-cu ilə qədər universitetlərə təxminən 940 milyon dollar ayıra bilər
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi böyük akkreditasiya olunmuş İT şirkətlərinin ali təhsil müəssisələrinə potensial dəstək xərclərini hesablayıb. Proqnoza görə, 2030-cu ilə qədər bu məbləğ təxminən 940 milyon dollar (85,2 milyard rubl) təşkil edə bilər.
Nazirlik İT sahəsindəki böyük şirkətlərin vergi güzəştlərindən əldə etdikləri qənaətin 5%-ni təhsilə yönəltməsini təklif edir. Bu ideya ilk dəfə 2024-cü ilin avqustunda irəli sürülüb. Təklifə əsasən, illik dövriyyəsi təxminən 11 milyon dollardan (1 milyard rubl) çox olan və 100-dən artıq işçisi olan akkreditə olunmuş İT şirkətləri bu öhdəliyi yerinə yetirməlidir.
Nazirliyin hesablamalarına görə, artıq ilk il ərzində İT təhsil proqramlarının dəstəklənməsi biznesə təxminən 185 milyon dollara (16,7 milyard rubl) başa gələ bilər. Bu barədə məlumatı “Kommersant” yayıb.
2025-ci ilin fevral ayına olan məlumata görə, akkreditasiya olunmuş İT şirkətlərinin sayı 20 mini keçib. Onlar üçün mənfəət vergisi 2030-cu ilə qədər 25%-dən 5%-ə endirilib. "Otçestvennıy Soft" assosiasiyası hesab edir ki, yeni tələblər təxminən 400 şirkətə təsir göstərə bilər.
Bundan əlavə, 2024-cü ilin noyabr ayında Rəqəmsal İnkişaf Nazirliyi iri İT şirkətlərinin əməkdaşlarını universitetlərdə dərs deməyə məcbur etməyi təklif etmişdi. Sənaye nümayəndələri isə artıq universitetlərlə sıx əməkdaşlıq etdiklərini, təqaüd proqramları və birgə layihələr həyata keçirdiklərini bildiriblər. Məsələn, 2023-cü ildən etibarən “T-Bank” və 30-dan çox Rusiya şirkəti Mərkəzi Universitetin inkişafına töhfə verir.
Nazirlik bildirir ki, yeni qayda İT şirkətlərinin kadr hazırlığı istiqamətindəki səylərini sistemləşdirəcək. Bununla belə, bu məsələ ilə bağlı müzakirələr hələ davam edir.