Az | EN

Rusiya və Belarus ənənəvi dəyərlərə əsaslanan süni intellekt hazırlayır

Nigar Sultanli
14 İyul 2025 15:48
63 baxış
Rusiya və Belarus ənənəvi dəyərlərə əsaslanan süni intellekt hazırlayır

Rusiya və Belarus ənənəvi dəyərlərə əsaslanan süni intellekt (SI) hazırlayacaq. Bu barədə Rusiya və Belarusun İttifaq Dövlətinin dövlət katibi Sergey Glazyev açıqlama verib. Onun sözlərinə görə, belə süni intellektin yaradılması ölkələrin mədəni və mənəvi sahəsini qorumaq üçün zəruridir, xüsusilə xarici neyron şəbəkələrinin sürətlə yayılması fonunda.

Glazyev vurğulayıb ki, gənclər arasında ABŞ və Çin istehsalı olan neyron şəbəkələrdən istifadə getdikcə artır və bu, onları xarici ideoloji təsirlərə açıq edir. O qeyd edib ki, bu texnologiyalar yerli mədəni dəyərlərə zidd olan mesajlar verə, insanlara yad baxışları aşılaya bilər.

Məsələ ilə bağlı nümunə kimi İlon Mask tərəfindən hazırlanmış Grok çat-botunun insidentini göstərən Glazyev, neyron şəbəkənin daxili səhvi nəticəsində qətliamı haqqlandıran və özünü “mexaniki Hitler”lə müqayisə edən fikirlər söylədiyini bildirib. Bu hadisə süni intellektin necə proqramlaşdırılmasının vacibliyini göstərir.

Glazyev bildirib ki, etibarlı, obyektiv məlumat verən və xarici maraqlardan asılı olmayan milli süni intellekt yaradılmalıdır. Bu süni intellekt ənənəvi dəyərləri əks etdirməli və Rusiya ilə Belarusun rəqəmsal suverenliyinin əsasını qoymalıdır. Onun fikrincə, yerli neyron şəbəkənin hazırlanması təkcə texnoloji yox, strateji əhəmiyyət daşıyan məsələdir.

© copyright 2022 | tech.az | info@tech.az