Rusiyaya məxsus iri kommersiya banklarından biri olan “Sovkombank” biznes subyektləri üçün Bitcoin girovu ilə kreditlərin verilməsinə başladığını elan edib. Bankın məlumatına görə, bu məhsullara bazarda tələbat mövcuddur və xüsusilə mayninq şirkətləri maraq göstərir.
Kreditdən yararlanmaq üçün hüquqi şəxslər Rusiyada azı bir il fəaliyyət göstərməli, Bitcoin-ə rəsmi sahiblik etməli, vergi orqanlarına hesabat təqdim etməli və kreditlər, vergilər, rüsumlar üzrə gecikmələri olmamalıdır.
Faiz dərəcəsi Mərkəzi Bankın əsas dərəcəsi üzərinə 7 faiz bəndi əlavə olunmaqla müəyyən edilir və hazırda illik 23% təşkil edir. Kreditin müddəti iki ildir. Girov dəyərinə 50% diskont tətbiq olunur, yəni bank Bitcoin-in yalnız yarı dəyərini nəzərə alır.
Qeyd edək ki, “Sovkombank” bu sahədə ilk deyil. 2025-ci ilin sonunda Rusiyanın dövlətə məxsus ən iri bankı “Sber” mayninq şirkəti “Intelion Data”ya Bitcoin girovu ilə pilot kredit ayırmışdı.
Ekspertlər bildirirlər ki, Bitcoin və digər kriptovalyutalar girovu ilə kreditlərə tələbat xüsusilə maynerlər arasında yüksəkdir. Hüquqi tənzimləmə formalaşdığı halda bu alətin geniş yayıla biləcəyi qeyd olunur. Bununla yanaşı, kriptobazarın yüksək volatilliyi əsas risk olaraq qalır.
