Rusiyada kriptovalyutanın hüquqi statusu və onun cinayət işlərində müsadirə olunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb və hökumətin qanunvericilik fəaliyyəti üzrə komissiyası tərəfindən təsdiqlənib. Bu qanun layihəsi rəqəmsal valyutanın rəsmi şəkildə “mülkiyyət” kimi tanınmasını və cinayət işləri zamanı istintaq orqanlarının onu müsadirə edə bilməsini nəzərdə tutur.
Yeni qanun layihəsinə əsasən, əgər istintaq zamanı kriptovalyuta aşkar olunarsa, bu vəsait maddi sübut kimi tanınacaq və üzərində əməliyyatlar məhdudlaşdırıla bilər. Məqsəd odur ki, kriptovalyutanın sahibi və ya üçüncü şəxslər istintaq bitənə qədər həmin aktivlər üzərində hər hansı dəyişiklik və ya əməliyyat apara bilməsinlər.
Kriptovalyutalar iki formada saxlanıla bilər: fiziki cihazlarda (“soyuq cüzdan” – məsələn, USB) və ya onlayn platformalarda (“isti cüzdan” – məsələn, birja və ya tətbiqlər). Qanun layihəsi bu iki vəziyyət üçün də müsadirə qaydalarını müəyyən edir. Belə ki, fiziki cihazlarla birlikdə həmin kriptovalyutaya daxil olmaq üçün lazım olan şifrələr və kodlar da istintaq orqanları tərəfindən götürülə bilər.
Bundan əlavə, kriptovalyutanın təhlükəsiz saxlanması üçün istintaq zamanı xüsusi identifikasiya ünvanlarına köçürülməsi imkanı yaradılacaq. Bu prosesdə texniki mütəxəssis iştirak edəcək və həmin şəxs hansı tədbirlərin görülməli olduğunu müəyyən edəcək.
Qanun qüvvəyə mindikdən sonra kriptovalyuta rəsmi olaraq rüşvət, oğurluq və ya dələduzluq hallarının predmeti kimi tanına bilər. Həmçinin bu vəsaitlər cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasında vasitə kimi də dəyərləndirilə bilər. Əgər məhkəmə təqsirləndirilən şəxsin günahını sübuta yetirərsə, həmin kriptovalyuta dövlətin xeyrinə müsadirə ediləcək.
Bu yeni yanaşma, Rusiyada rəqəmsal maliyyə alətlərinə dair hüquqi çərçivənin formalaşdırılması və onların cinayət hüququ kontekstində necə istifadə ediləcəyinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.