SpaceX Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük daşıyan kosmik gəmisini orbitə çıxarıb. Bu, ABŞ şirkətinin stansiyaya 25-ci missiyası kimi qeydə alınıb. NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 tona yaxın material daşıyan Dragon kosmik yük gəmisi Falcon 9 raketi ilə orbitə buraxılıb.
Bildirilir ki, göndərilən materiallar arasında elmi tədqiqatlarda istifadə olunacaq texniki avadanlıq və məhsullar var. Missiya çərçivəsində kosmos stansiyasına göndərilən yükün yer səthində mineral paylanmasını müəyyənləşdirmək üçün işlərdə istifadə ediləcəyi planlaşdırılır.
Alimlər bəzi quraq ərazilərdən gələn tozların küləklər vasitəsilə dünyanın müxtəlif bölgələrinə necə yayıldığını və bu vəziyyətin qlobal iqlim sisteminə təsirini araşdıracaqlar. Məlumatlara görə, “Dragon” servis gəmisi 36 saat orbitdə qaldıqdan sonra iyulun 16-da saat 15:20 radələrində stansiyaya yanaşacaq. Missiyanın 33 gün davam edəcəyi gözlənilir.