Az | EN

Startap Dünyasında Yeni Mərhələ: YC 2026 Demo Day-dən Nə Öyrəndik?

Cəmil Hüseynzadə
30 Aprel 2026 02:04
45 baxış
Startap Dünyasında Yeni Mərhələ: YC 2026 Demo Day-dən Nə Öyrəndik?

2026-cı ilin yazında Y Combinator-un Winter Demo Day tədbiri startap dünyasında baş verən dəyişiklikləri çox aydın şəkildə göstərdi. 199 şirkətin təqdim olunduğu bu tədbir sadəcə yeni ideyaların nümayişi deyildi, eyni zamanda texnologiyanın hansı istiqamətə getdiyini anlamaq üçün real bir “snapshot” idi.

Ən diqqətçəkən məqam ondan ibarətdir ki, süni intellekt artıq ayrıca bir sahə kimi qəbul edilmir. Bir neçə il əvvəl “AI startapı” olmaq fərqləndirici idi, indi isə bu, demək olar ki, standartdır. Fərq yaradan şey isə artıq texnologiyanın özü yox, onun necə tətbiq olunmasıdır. Başqa sözlə, sual “Sİ istifadə edirsənmi?” yox, “Sənin məhsulun konkret olaraq nəyi başqalarından daha yaxşı edir?” formasını alıb.

Bu dəyişiklik məhsulların təqdimatında da açıq görünür. Əvvəllər şirkətlər Sİ-ni “köməkçi” kimi təqdim edirdisə, indi əsas mesaj tamam başqadır: “biz bu işi tam əvəz edirik”. Yəni məqsəd artıq insanın işini asanlaşdırmaq yox, onu tam şəkildə avtomatlaşdırmaqdır. Bu yanaşma xüsusilə biznes sahəsində sürətlə yayılır. Demo Day-də iştirak edən şirkətlərin böyük əksəriyyəti digər bizneslərə xidmət göstərən, yəni B2B modelində çalışan startaplar idi. Bu da təsadüfi deyil. Mövcud texnologiyalar ən yaxşı şəkildə məhz şirkət daxilindəki prosesləri optimallaşdırmağa imkan verir.

Maraqlısı odur ki, ən perspektivli ideyalar texnologiyanın indiyə qədər çox da diqqət yetirmədiyi sahələrdə yaranır. Tikinti, mülki mühəndislik, logistika, mühasibatlıq kimi sahələr uzun illərdir köhnə alətlər və manual proseslərlə işləyir. Bu sahələrdə çalışan mütəxəssislər bahadır, proseslər isə yavaşdır. Məhz buna görə bu istiqamətlərdə qurulan startaplar daha sürətli nəticə əldə edir. Çünki onlar real və aydın problemi həll edir.

Digər vacib məqam isə datanın roludur. Bu gün demək olar ki, hər kəs eyni texnologiyalara çıxış əldə edə bilir. Ona görə də startapları bir-birindən fərqləndirən əsas faktor topladıqları məlumatdır. Uğurlu şirkətlər hər müştəri ilə işlədikcə məhsullarını daha da yaxşılaşdırır və zamanla kopyalanması çətin olan bir üstünlük yaradır. Əgər bu proses yoxdursa, məhsul sadəcə “wrapper”, yəni başqasının texnologiyası üzərində qurulmuş nazik qat olaraq qalır.

Bununla yanaşı, Demo Day bir daha göstərdi ki, yaxşı məhsul qurmaq kifayət deyil. Onu kimə və necə satacağını bilmək daha önəmlidir. Ən sürətli böyüyən startapların əksəriyyəti ilk müştərilərini öz şəxsi əlaqələri vasitəsilə tapıb. Qurucuların əvvəl işlədikləri sahələrə qayıdaraq məhsullarını həmin şəbəkəyə satması ən effektiv strategiyalardan biri kimi görünür. Bu da onu göstərir ki, uğurlu startap çox vaxt “sıfırdan ideya tapmaq” yox, artıq tanıdığın problemi həll etməkdən başlayır.

Komanda məsələsində də maraqlı bir tendensiya var. Ən uğurlu qurucular problemi kənardan müşahidə edənlər yox, onu birbaşa yaşamış insanlardır. İllərlə müəyyən sahədə çalışmış biri həmin sahənin çatışmazlıqlarını daha dərindən anlayır və daha praktik həllər təklif edə bilir. Bu, sadəcə texniki bacarıqlardan daha güclü üstünlük hesab olunur.

Bütün bunların fonunda diqqət çəkən başqa bir məqam isə bəzi sahələrin demək olar ki, boş qalmasıdır. Təhsil, sosial platformalar və mental sağlamlıq kimi istiqamətlərdə çox az sayda startapın olması əslində gələcək üçün böyük imkanlara işarə edir. Tarixən ən az maraq göstərilən sahələr sonradan ən böyük uğurların çıxdığı yerlər olub.

Ümumilikdə, bu Demo Day-dən çıxan əsas nəticə çox sadədir: startap qurmaq qaydaları dəyişib. Artıq sadəcə yaxşı ideya və ya yeni texnologiya kifayət etmir. Əsas olan real problemi tapmaq, həmin problemə çıxışın olması və bunu başqalarından daha effektiv həll etməkdir.

Hazırkı dövr isə bunun üçün kifayət qədər əlverişlidir. Texnologiya imkanları sürətlə genişlənir, amma eyni zamanda hələ toxunulmamış çoxlu sahə qalır. Bu da o deməkdir ki, düzgün yanaşma ilə qurulan startap üçün imkanlar əvvəlkindən daha genişdir.

Rathin Şah

© copyright 2022 | tech.az | info@tech.az